
Bakı. Trend:
Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq strateji
xarakter daşıyır və Avropanın enerji təhlükəsizliyini
gücləndirir.
Trend xəbər verir
ki, bunu Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğunun
Enerji Platforması Qrupunun direktoru Kristina Lobillo bu gün
Bakıda Cənub Qaz Dəhlizi və “Yaşıl” enerji üzrə Məşvərət
Şuralarının iclasında bildirib.
Onun sözlərinə görə, son illərdə dünyada siyasi mənzərə
əhəmiyyətli dərəcədə dəyişib və Avropa İttifaqı şaxələndirmə və
dayanıqlığın artırılmasına, xüsusilə qlobal bazara çıxışın təmin
olunmasına ciddi investisiyalar yatırıb.
“Bu kontekstdə Azərbaycan kimi etibarlı təchizatçılarla möhkəm
və qarşılıqlı faydalı tərəfdaşlığın qorunmasına böyük önəm veririk.
Son dövrlərdə Avropa İttifaqında yeni normativ-hüquqi baza üzərində
işləyirik. Əsas istiqamətlərdən biri enerji təhlükəsizliyi
arxitekturasının yenidən nəzərdən keçirilməsidir ki, bu da saxlama
tədbirlərinin ötəsində olan, gələcək islahatların
qiymətləndirilməsinə, eləcə də geosiyasi qeyri-sabitlik şəraitində
qaz təchizatında mümkün fasilələrin qarşısının alınmasına xidmət
edir”, – o bildirib.
Direktor qeyd edib ki, Avropa İttifaqının qaz siyasəti
asılılıqdan dayanıqlılığa doğru transformasiya olunur.
“Rusiyadan idxala tətbiq edilən hüquqi məhdudiyyətlər, eləcə də
təchizatçıların şaxələndirilməsi, saxlama mexanizmlərinin
gücləndirilməsi və bazar çevikliyinin artırılması daha suveren
enerji siyasətinin formalaşmasına töhfə verir. Avropa Komissiyası
öz yanaşmasını elə qurur ki, iqlim məqsədlərinə riayət etməklə və
qiymət baxımından rəqabət qabiliyyətini qorumaqla yanaşı, təchizat
təhlükəsizliyi də təmin edilsin.
Stabil təchizatın təmin edilməsi, rəqabətli şərtlər,
tənzimləmənin uyğunlaşdırılması və emissiyaların mərhələli şəkildə
azaldılması istiqamətində birgə fəaliyyət göstərməklə biz Avropanın
enerji təhlükəsizliyini möhkəmləndirə, eyni zamanda Azərbaycanın
əsas, etibarlı və gələcəyə yönəlmiş tərəfdaş kimi rolunu dəstəkləyə
bilərik. Gəlin Avropa İttifaqı ilə Azərbaycan arasında etimad,
sabitlik və ümumi rifah ruhunda enerji əməkdaşlığımızı daha da
dərinləşdirək”, – deyə K.Lobillo yekunlaşdırıb.

