Azərbaycan region üçün yaşıl enerji sahəsində nümunəvi modelə çevrilir – AYİB

Baş səhifə

Bakı. Trend:

Azərbaycan region üçün yaşıl enerji sahəsində nümunəvi modelə
çevrilir.

Trend xəbər
verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiya
regionu üzrə Enerji departamentinin rəhbəri Sule Kilic bu gün
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin
12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü
iclası çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, bağlantılılıq həm nəqliyyat, həm də
rəqəmsal sahədə Azərbaycan ilə digər ölkələr – Gürcüstan, Türkiyə,
Rumıniya, Macarıstan, Bolqarıstan, Özbəkistan və Qazaxıstan
arasında əməkdaşlığı əhatə edir: “Bu ölkələrin hamısı Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB) əməliyyat apardığı
dövlətlərdir. Azərbaycan isə bütün bu ölkələri bir araya gətirərək
dünyanın iki qitəsi arasında real körpü rolunu oynayan mühüm
mərkəzi mövqeyə malikdir.

Bu iddialı infrastruktur layihələri böyük həcmdə bərpa olunan
enerji tələb edəcək. Azərbaycan və bütövlükdə region bu potensialı
təmin edə bilər. AYİB isə burada, o cümlədən Azərbaycanda
dekarbonizasiya gündəliyinin əsas dəstəkçilərindən biridir. Bank
ölkədə 1,2 qiqavattdan artıq bərpa olunan enerji gücünün
maliyyələşdirilməsini həyata keçirib. Buraya Azərbaycanın ilk iki
iri miqyaslı, özəl mülkiyyətə məxsus elektrik stansiyası – 230
meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası və 240 meqavatlıq
Xızı-Abşeron külək elektrik layihəsi, eləcə də Qafqazın ən böyük
iki bərpa olunan enerji layihəsi olan Biləsuvar və Neftçala
rayonlarında müvafiq olaraq 445 meqavat və 350 meqavat gücündə
günəş stansiyaları daxildir.
Bu layihələrin hər il təxminən 3 000 qiqavatt-saat təmiz elektrik
enerjisi istehsal edəcəyi və karbon emissiyalarını illik 1,4 milyon
tondan çox azaldacağı gözlənilir”.

O bildirib ki, AYİB-in Azərbaycanın enerji keçidinə və bərpa
olunan enerjinin inkişafına dəstəyi yalnız investisiyalarla
məhdudlaşmır: “İllər ərzində Bank Azərbaycan Respublikasının
Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edərək, müxtəlif siyasi
təşəbbüsləri vasitəsilə bərpa olunan enerji sahəsinə
investisiyaları təşviq edən əlverişli mühitin formalaşdırılmasına
dəstək göstərib.




Məsələn, 2018-ci ildən etibarən AYİB Azərbaycanda müvafiq enerji
qanunvericiliyinin hazırlanması ilə bağlı texniki yardım göstərir.
Bu qanunvericilik bazası beynəlxalq investorların Azərbaycanın
enerji sektoruna cəlb olunması üçün əsas şərtlərdən biridir və
artıq bunun uğurlu nəticələrini görmək mümkündür.
AYİB həmçinin Azərbaycanda ilk dəfə keçirilən bərpa olunan enerji
hərracının hazırlanmasına dəstək göstərib və nəticələr COP29
çərçivəsində elan olunub. Hərrac ölkənin bərpa olunan enerji
sektorunda mühüm mərhələ olmaqla yanaşı, yüksək rəqabətli
tariflərin formalaşması ilə nəticələnib”.

“Eyni zamanda, Azərbaycan COP29 çərçivəsində AYİB-in dəstəyi ilə
hazırlanmış Milli Hidrogen Strategiyasının təqdimatı ilə daha
“yaşıl gələcəy”ə doğru mühüm addım atıb. Bu, 2023-cü ildə Bankın
Azərbaycanda aşağı karbonlu hidrogen iqtisadiyyatı üzrə bazar
araşdırmasının hazırlanmasına verdiyi dəstəyin davamıdır. Həmin
araşdırma “yaşıl hidrogen” istehsalının kommersiya baxımından
səmərəli olduğunu, onun regional enerji bazarına tədarük
imkanlarını, eləcə də daxili istehlak sahələrini müəyyən edib.

Hazırda AYİB Energetika Nazirliyinə elektrik enerjisi istehsalı
sektorunda aşağı karbonlu və iqlimə davamlı inkişaf yol xəritəsinin
hazırlanmasında, eləcə də Milli Hidrogen Strategiyasının icrasında
dəstəyini davam etdirir.

Biz inanırıq ki, bu təşəbbüslərin hər ikisi təkcə Azərbaycanda
deyil, bütövlükdə regionda özəl investorlar üçün çoxsaylı
investisiya imkanları yaradacaq. Əslində, Azərbaycan bu
istiqamətlərdə region ölkələri üçün nümunəvi model rolunu oynayır”,
– AYİB rəsmisi əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir