
Bakı. Trend:
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən
nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq “Yaşıl
bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan – Avropa
İttifaqı dəyirmi masası təşkil edilib.
Trend xəbər verir ki,
Azərbaycan tərəfindən energetika nazirinin müavinləri Orxan
Zeynalov və Elnur Soltanov, Aİ tərəfindən isə Avropa Komissiyasının
Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və
beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero,
Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğun (DG ENEST) Şərq
Qonşuluğu və Türkiyə üzrə direktoru Adriyen Kiralinin iştirakı ilə
keçirilən tədbirdə bağlantılar və ötürmə, bərpa olunan enerji
layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji
saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub. Dəyirmi
masada
Azərbaycanda enerji bağlantıları, bərpa olunan enerji və enerji
səmərəliliyi sahələrində investisiya imkanları və Aİ-nin bu
istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr
aparılıb. Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq
imkanları dəyərləndirilib.
Dəyirmi masada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi,
Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Yaşıl Enerji Dəhlizi
Enerji Şirkəti” (GECO Power Company), “Yaşıl Dəhliz Alyansı” (Green
Corridor Alliance), “SOCAR Green”, “Azərenerji” ASC, “Siemens
Energy”, “Total Energies”, “Nobel Energy”, “Azerbaijan Green Energy
Company”, “ACWA Power”, “Masdar”, ENERCON, AYİB, AİB, BMK və
Alman-Azərbaycan Ticarət Palatası təmsil olunub.

