
Bakı. Trend:
Lüksemburqda fəaliyyət göstərən Lüksemburq-Azərbaycan Dostluq
Assosiasiyası (LuxAz) “Xocalıya ədalət!” (“Justice for Khojaly!”)
beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində bir sıra
tədbirlər keçirib.
Trend xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lüksemburqun
“Place Emile-Hamilius” (Silah Meydanı) meydanında və şəhərin
aparıcı iş mərkəzlərində Xocalı soyqırımının 34-cü ildönümü ilə
bağlı genişmiqyaslı maarifləndirmə aksiyası keçirilib. Aksiya
çərçivəsində paytaxtın intensiv insan axınının müşahidə olunduğu
ərazilərdə tarixi həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə
çatdırılması qarşıya məqsəd qoyulub.
Maarifləndirmə kampaniyası çərçivəsində Lüksemburqda yerləşən 97
strateji əhəmiyyətli ofis binasının rəqəmsal ekranlarında Xocalı
soyqırımından bəhs edən videoçarxlar nümayiş etdirilib. Gün ərzində
dinamik və intensiv insan axınının müşahidə olunduğu ərazilərdə
fasiləsiz yayımlanan çarxlarda faciənin tarixi faktları,
qurbanların xatirəsi, hadisənin miqyası və ədalət çağırışları
xüsusi vurğulanıb.
Eyni zamanda, şəhərin “Place Emile-Hamilius” meydanında
sakinlərə və şəhərin qonaqlarına faciə ilə bağlı tarixi faktları,
beynəlxalq hüquqi aspektləri əks etdirən materiallar paylanıb,
1992-ci ilin 26 fevralında törədilən insanlıq əleyhinə cinayət –
Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.

