İllinoys Universitetində “Xocalı: Həqiqət, yaddaş və gələcək nəsillər” adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İllinoys Universitetinin Urbana-Şampeyn kampusunda
“Xocalı: həqiqət, yaddaş və gələcək nəsillər” adlı
elmi-maarifləndirici konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə veriln məlumata
görə, İllinoys Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası
tərəfindən təşkil olunan tədbir Amerika Orta Qərb ştatları üzrə
Azərbaycan Mərkəzi (Azerbaijan Center of Midwest America – ACMA) və
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə baş tutub.

Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət Himnləri səsləndirilib,
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İllinoys Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının
nümayəndəsi Riyad Babayev açılış nitqi ilə qonaqları
salamlayıb.

Daha sonra ACMA-nın həmtəsisçisi Mehriban Məmmədova çıxış edib.
O, təşkilatın hər il bu səpgidə maarifləndirici tədbirlər
keçirdiyini, ötən il oxşar konfransın Çikaqo şəhərinin Harper
Kollecində təşkil olunduğunu xatırladıb.

ACMA-nın təsisçisi və tədbirin təşkilatçılarından biri Fərid
Məmmədov Xocalı faciəsinin unudulmamasının, tarixi həqiqətlərin
təbliğinin və dezinformasiyaya qarşı maarifləndirmənin vacibliyin
qeyd edib.

Konfrans Riyad Babayevin moderatoru olduğu panel müzakirələr ilə
davam edib.




Panel müzakirələrində Azərbaycanın ABŞ-dəki Səfirliyinin
müşaviri Vüsalə Mehdiyeva humanitar dəyərlərin qorunmasının, mülki
əhalinin müdafiəsinin və gənc nəsillərin bu kimi faciələr barədə
məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

Tələbə məruzəçi Nəzrin Məmmədova Xocalı faciəsinin tarixi
aspektləri və gələcək nəsillərin tarixi yaddaşı qoruma məsuliyyəti
barədə təqdimat edib. Təqdimat çərçivəsində Xocalı şahidinin
videomüraciəti də nümayiş olunub.

Beynəlxalq təhlükəsizlik üzrə ekspert Əli Məmmədov 1990-cı
illərin əvvəllərində regiondakı vəziyyət, münaqişənin geosiyasi
fonu və silahlı münaqişələrin mülki əhaliyə təsiri barədə geniş
məruzə ilə çıxış edib.

Hüquq üzrə ekspert Səmayə Həbibova beynəlxalq humanitar hüquq
normaları, müharibə cinayətləri üzrə məsuliyyət və mülki şəxslərin
qorunması prinsipləri barədə hüquqi yanaşmanı təqdim edib. O,
hadisələrin sənədləşdirilməsinin və akademik tədqiqatların qlobal
məlumatlılığın artırılmasında rolunu vurğulayıb.

Tədbirdə pakistanlı jurnalist, geosiyasi analitik Malik Ayyub
Sumbalın ermənilərin işğalçılıq siyasətindən bəhs edən “Tovuzdan
Qarabağa” (“Tovuz to Karabakh”) kitabı xarici ekspert və
professorlara hədiyyə edilib. Eyni zamanda, Azərbaycanın milli
dəyərlərini əks etdirən xüsusi guşə yaradılıb.

Qeyd edək ki, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi
(ACMA) Azərbaycanın tarixi və mədəniyyətinin tanıdılması, eyni
zamanda icmalararası dialoqun təşviqi istiqamətində fəaliyyət
göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir