Aİ-də ən yüksək illik inflyasiya göstəricisi bu ölkədə qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqında ən yüksək illik inflyasiya göstəricisi
Rumıniyada qeydə alınıb.

Trend Avropa
Statistika Agentliyinin (Avrostat) məlumatlarına istinadən xəbər
verir ki, 2026-cı ilin yanvar ayında ölkədə illik inflyasiya 8,5
faiz təşkil edib.

Həmin dövrdə Avropa İttifaqı üzrə orta göstərici 2 faiz,
Avrozona üzrə isə 1,7 faiz olub. Beləliklə, Rumıniyada qiymət
artımı Aİ üzrə orta səviyyəni dörd dəfədən çox üstələyib. Siyahının
sonrakı pillələrində Slovakiya 4,3 faiz və Estoniya 3,8 faiz
göstəriciləri ilə qərarlaşıb. Ən aşağı inflyasiya isə Fransada 0,4
faiz, Danimarkada 0,6 faiz, Finlandiya və İtaliyada 1 faiz
səviyyəsində qeydə alınıb.

Məlumatda bildirilir ki, 2025-ci ilin dekabrı ilə müqayisədə
Aİ-yə üzv 23 ölkədə illik inflyasiya azalıb. Rumıniyada da
göstərici cüzi geriləyərək 8,6 faizdən 8,5 faizə enib. Eyni
zamanda, Rumıniyanın Milli Statistika İnstitutunun daxili
hesablamalarında illik inflyasiya daha yüksək – 9,6 faiz
səviyyəsində göstərilib. Fərq istifadə olunan metodologiya ilə izah
olunur. Avrostat harmonizə edilmiş istehlak qiymətləri indeksindən
istifadə edir, milli statistika isə ölkədaxili siyasətlərdə tətbiq
olunan istehlak qiymətləri indeksini əsas götürür.




Milli statistikaya görə, yanvar ayında xidmətlər illik ifadədə
11,59 faiz, qeyri-ərzaq malları 9,99 faiz, ərzaq məhsulları isə
7,86 faiz bahalaşıb. Xüsusilə xidmət sektorunda qeydə alınan artım
ümumi göstəriciyə daha güclü təsir edib.

Rumıniya Mərkəzi Bankının son proqnozuna əsasən, 2026-cı ilin
sonuna inflyasiyanın 3,9 faiz səviyyəsinə enəcəyi, 2027-ci ilin
sonunda isə 2,7 faizə qədər azalacağı gözlənilir.

Qeyd edək ki, inflyasiya dinamikasına ən çox təsir edən amillər
sırasında xidmətlər, ərzaq məhsulları, alkoqol və tütün qiymətləri
yer alır, enerji qiymətləri isə ayrı-ayrı dövrlərdə fərqli təsir
göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir