Azərbaycanın qeyri-neft məhsulları ixracı 9% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə
ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4
milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə
ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə yanvar sayında
bildirilib.

Cari ilin birinci ayında ixrac olunan şəkər ötən ilin müvafiq
dövrünə nəzərən 169,3%, pambıq iplik 137,6%, bitki və heyvan
mənşəli piylər və yağlar 90,8%, alüminium və onlardan hazırlanan
məmulatlar 39,5%, meyvə-tərəvəz 32,1%, pambıq lifi 23,2%, çay
20,9%, spirtli və spirtsiz içkilər 14,2% artıb.

2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6%
artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac
21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və
aqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon
ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid
malların siyahısında qızıl ( 33 milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3 milyon ABŞ
dolları) ikinci, xurma (təzə) (22,3 milyon ABŞ dolları) isə üçüncü
yerdə qərarlaşıb.




2026-cı ilin yanvar ayında Rusiya Federasiyasına 77 milyon ABŞ
dolları, İsveçrəyə 38,6 milyon ABŞ dolları, Gürcüstana 31,6 milyon
ABŞ dolları, Türkiyəyə 31,5 milyon ABŞ dolları, Ukraynaya isə 15,2
milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac
olunub.

2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı
subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil
olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited
Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO”
MMC, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC, “Prime LM” MMC, “KHAN-EL” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “AFA
Export” MMC, “P-AQRO” MMC, “Mors Trading” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən
dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq
edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
“SOCAR Polymer” MMC, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi”
MMC, “Naxçıvan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sənayecihaz”
EİM, “SOCAR CAPE” MMC, “Qaradağ Şüşə Zavodu” ASC, “Azərxalça”
ASC.

2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik
Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon
ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac
edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun
ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının
ilk beşliyində 348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 min
ABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4
min ABŞ dolları ilə Türkiyə, 69,6 min ABŞ dolları ilə Pakistan
qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir