
Bakı. Trend:
Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri
əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi
qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq
204 müəyyən edilib. Əvvəllər onların sayı
674 idi.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova komitədə keçirilən
“Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və
perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Komitə sədri bildirib ki, qadağan edilən bu peşə, vəzifə və iş
yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək
uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əmək
münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi
prinsipləri əsasında qurulmasına mühüm töhfədir.
H.Hüseynova vurğulayıb ki, ölkə üzrə qadınların orta əmək
haqlarının kişilərin orta əmək haqqına daha yüksək templə
yaxınlaşmasının təmin ediləcək:
“Statistik göstəricilərdən də bunu görmək mümükündür. 2020‐ci
ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının
63,3 faizini təşkil edirdisə, 2024-cü ildə isə
68,9 faizini təşkil edib”.
Millət vəkili xatırladıb ki, 2009-cu ildən Əmək Məcəlləsinə
edilən dəyişikliyə görə övladı dünyaya gəldiyi zaman kişilərin 2
həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var idi.
“Yeni dəyişikliyə əsasən, artıq bu məzuniyyət ödənişli əsaslarla
verilir. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur.
Əlbəttə ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının
müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişaf
etdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər bir
vətəndaşın haqqıdır”, – deyə o fikrini tamamlayıb.

