
Bakı. Trend:
Ötən il ümumi cinayətlərin 8,2 faizini qadınlara qarşı zorakılıq
faktları təşkil edib. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1
396 cinayət işi üzrə 1 413 zərərçəkmiş şəxs müəyyən edilib.
Trend xəbər
verir ki, bunu daxili işlər nazirinin müavini, polis
general-leytenantı İsmət Əliyev Milli Məclisinin Ailə, qadın və
uşaq məsələləri komitəsində keçirilən “Qanunvericilikdə gender
bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai
dinləmədə deyib.
Nazir bildirib ki, məişət zorakılığı zəminində törədilən
cinayətlərdən 1 302-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü
qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə,
30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd,
6-sı əzab vermə, hərəsi bir fakt olmaqla öldürməklə və ya
sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan
məhrumetmə, 19-u isə digər növlərdən ibarət olub.
Polis general-leytanantı vurğulayıb ki, hazırda Azərbaycanda hər
100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46
fakt təşkil edir. Bu göstərici İsveçdə 200, Finlandiyada 150,
Fransada 110, Niderlandda 100, Almaniyada 90, İspaniyada isə 60
fakt səviyyəsindədir.
2025-ci ildə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində
90 erkən evlilik faktı müəyyən edilib, 28 nəfər cinayət
məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs
barəsində inzibati tənbeh tədbiri görülüb, 57 şəxslə profilaktik iş
aparılıb.
İl ərzində 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin “adam
oğurluğu” maddəsi ilə cinayət işi başlanıb, 32 şəxs barəsində
müvafiq məsuliyyət tədbirləri görülüb.
Bərabərlik hüququnun pozulması ilə bağlı cinayət qeydə
alınmayıb. Məişət zəminində iqtisadi xarakterli qanunsuz
məhdudiyyətlərin tətbiqi ilə bağlı 2, məişət zəminində psixi
zorakılıqla bağlı isə 4 inzibati xəta müəyyən edilib.
“Qadınların təqsirləndirilən və ya zərərçəkmiş qismində
tanındığı bütün cinayət işlərinin təhlili aparılaraq onları
cinayətə təhrik edən amillər öyrənilir, aidiyyəti qurumlara
təqdimatlar verilir. Ailə münaqişəsi zəminində daxil olmuş
məlumatlar üzrə operativ tədbirlər nəticəsində 8 889 hüquqa zidd
əməlin qarşısı alınıb” – deyə İ.Əliyev qeyd edib.

