
Bakı. Trend:
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ABŞ-nin
Kolumbiya Universitetində ”Xocalı xatirəsini ehtiramla yad edərək
insanlıq naminə sülhün təşviqi” adlı tədbir keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan-Amerika Gənclər
Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib,
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev
çıxışında Xocalı soyqırımı ilə bağlı tarixi faktlara diqqət
çəkərək, beynəlxalq ictimaiyyətin bu faciəyə hüquqi-siyasi qiymət
verməsinin vacibliyini vurğulayıb.
Nyu Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət
Cəmiyyətinin rəhbəri, Amerika-Azərbaycan Təşkilatları Alyansının
rəhbəri Nərgiz Əlyarova xocalılara qarşı törədilən amansız
cinayətlərdən bəhs edib. Faciənin soydaşlarımızın yaddaşında
silinməz iz qoyduğunu bildirib.
BMT-nin keçmiş sözçüsü və “Al-Quds Al-Arabi” qəzetinin BMT
bürosunun rəhbəri Abdelhamid Siyam Xocalı həqiqətlərindən, sülh və
humanizm dəyərlərinin təşviqinin əhəmiyyətindən danışıb.
Anım tədbirində Nyu Yorkda fəaliyyət göstərən “My Way”
Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdlərinin Xocalı
hadisələrinə həsr etdikləri rəsmləri sərgilənib. Mərkəzin
mədəniyyət üzrə direktoru, azərbaycanlı rəssam-heykəltəraş Emin
Quliyevin hazırladığı “Xocalı harayı” və Nyu Yorkda yaşayan
azərbaycanlı rəssam Çingiz Mahir Musayevin “Xocalı” kompozisiyaları
soyqırımının tanıdılmasına xidmət edib.
Tədbirdə, həmçinin Xocalı qurbanlarının xatirəsinin
yaşadılmasının, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılmasının və humanizm prinsipləri əsasında sülhün təşviqinin
vacibliyi səsləndirilib.

