Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən
nəqliyyat sektorunda təhlükəsizliyin, ekoloji göstəricilərin və
texniki uyğunluğun artırılması məqsədilə yeni dövlət standartları
qəbul edilib.

Trend
AZSTAND-a istinadən xəbər verir ki, qəbul olunan sənədlər BMT-nin
Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında
hazırlanıb:

AZS ECE 21:2026 “Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə
bağlı təsdiqinə dair vahid müddəalar”;
AZS ECE 51:2026 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik
mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid
müddəalar”;
AZS ECE 85:2026 “Faydalı gücün və elektrik dartı sisteminin 30
dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı
mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə
tutulan daxili yanma mühərriklərinin və ya elektrik dartı
sistemlərinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
AZS ECE 16:2026 “Təsdiq üçün vahid müddəalar: I. Mühərriklə
hərəkətə gətirilən nəqliyyat vasitələrinin sərnişinləri üçün
təhlükəsizlik kəmərləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı
sistemləri və ISOFIX uşaq saxlayıcı sistemləri; II. Təhlükəsizlik
kəmərləri, təhlükəsizlik kəməri xatırlatma sistemləri, saxlayıcı
sistemlər, uşaq saxlayıcı sistemləri, ISOFIX uşaq saxlayıcı
sistemləri və i-ölçülü uşaq saxlayıcı sistemləri ilə təchiz edilmiş
nəqliyyat vasitələri”.




Bildirilib ki, yeni dövlət standartlarının qəbulu yol hərəkəti
təhlükəsizliyinin gücləndirilməsini, nəqliyyat vasitələrinin
konstruktiv və texniki göstəricilərinin beynəlxalq normativ
tələblərlə uyğunlaşdırılmasını, nəqliyyat vasitələrinin rəsmi
təsdiq və istehsal uyğunluğu prosedurlarının daha da
təkmilləşdirilməsini, eləcə də sərnişinlərin, xüsusilə uşaqların
mühafizəsinin artırılmasını təmin edəcək.

Qeyd edək ki, bu dövlət standartları təhlükəsizlik kəmərləri və
uşaq tutucu sistemlərinə dair tələbləri, nəqliyyat vasitələrinin
səs səviyyəsinə dair normativləri, daxili yanma mühərriklərinin və
elektrik dartı sistemlərinin faydalı gücünün ölçülməsi qaydalarını,
həmçinin minik avtomobillərinin arxa görünüş güzgüsü və ya güzgülər
istisna olmaqla salonun daxili hissələrinə, idarəetmə
elementlərinin düzülüşünə, dam və açılan dama, eləcə də
oturacaqların arxalığına və arxa hissələrinə dair tələbləri əhatə
edir.

Sözügedən dövlət standartı layihələri Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik
etdiyi “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin
(AZSTAND/TK 19) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib
və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir