
Bakı.Trend:
2025-ci ildə Bulgartransgaz şəbəkəsinə qoşulmayan regionlara
sıxılmış təbii qazın (CNG) tədarükünü nəzərdə tutan hibrid
qazlaşdırma layihəsi çərçivəsində uğur əldə olunub.
Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad
Heydərov Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Biz Ruse vilayətində məscid və kilsə də daxil olmaqla 46 sənaye
və 5 sosial istehlakçını qazla təchiz etmişik. 2025-ci ildə ümumi
qaz tədarükü həcmi təxminən 80 milyon kubmetr təşkil edib”, – deyə
o bildirib.
SOCAR-ın Bolqarıstanda neft məhsulları bazarındakı fəaliyyəti
ilə bağlı Murad Heydərov qeyd edib ki, şirkət hazırda ilkin pilot
tədarüklər çərçivəsində kommersiya imkanlarını və perspektivləri
qiymətləndirir:
“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağın
mürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənmə
istiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklər
görürük”, – deyə o bildirib.
SOCAR-ın Bolqarıstanın neft məhsulları bazarındakı fəaliyyətinə
gəlincə, M. Heydərov bildirib ki, şirkət ilkin pilot tədarüklər
çərçivəsində kommersiya imkanlarını və perspektivlərini
qiymətləndirməkdədir.
“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağın
mürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənmə
istiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklər
görürük”, – deyə o bildirib.
Bundan başqa M. Heydərov qeyd edib ki, 2025-ci ildə “Azerbaijan
Gas Supply Company” (AGSC) və SOCAR tərəfindən Bolqarıstana ümumi
qaz tədarükü həcmi 2 milyard kubmetrdən bir qədər az olub ki, bu da
2024-cü ilin göstəricisinə yaxındır:
“Cari və növbəti illər üçün proqnozlar Bolqarıstan bazarındakı
tələbatdan və regional qaz portfelimizdən asılıdır”.
Qeyd edək ki, daha əvvəl Bolqarıstanın Energetika Nazirliyi
bildirib ki, hazırda ölkədə təbii qaz istehlakının təxminən 40
faizi 25 illik müqavilə əsasında Azərbaycan tərəfindən təmin
edilir.
“Bu saziş tədarüklərin proqnozlaşdırıla bilən olmasını,
etibarlılığını və Avropada ən rəqabətə davamlı qiymət şərtlərindən
birini təmin edir. Qeyri-sabit bazarlar dövründə Azərbaycan qazı
sabitləşdirici rol oynayır — tədarüklər fasiləsiz həyata keçirilir,
müqavilə parametrləri isə kəskin qiymət dəyişkənliklərinin təsirini
məhdudlaşdırır. Bu isə biznes və ev təsərrüfatları üzərində
təzyiqin azalması, iqtisadiyyatın dayanıqlılığının artması və
Bolqarıstan sənayesinin rəqabət qabiliyyətinin qorunması deməkdir”,
– nazirlikdən bildirilib.
Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Trayço
Traykov vurğulayıb ki, regional qaz infrastrukturunun inkişafı və
Bolqarıstanın Azərbaycanla təbii qaz tədarükü üzrə uzunmüddətli
tərəfdaşlığı enerji təhlükəsizliyinin artırılması, mənbə və
marşrutların şaxələndirilməsi baxımından mühüm şərtlərdir.
“İndiki kimi böhranlar zamanı strateji tərəfdaşlıqlar öz real
dəyərini nümayiş etdirir. Azərbaycan etibarlı uzunmüddətli tərəfdaş
və enerji sabitliyimizin dayağıdır”,- deyə Traykov vurğulayıb.

