
Bakı. Trend:
2026-cı ilin fevral ayı ərzində 7-si qız, 8-i oğlan olmaqla 15
uşaq övladlığa verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər
Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə
mühitində böyüməsinin təmin edilməsi, onların hüquqlarının
qorunması və sosial rifahının artırılması məqsədilə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl və sistemli
tədbirlər həyata keçirilir:
“Ötən dövr ərzində respublika üzrə ümumilikdə 845 uşaq övladlığa
götürülüb, 78 uşaq isə himayədar ailəyə verilib. 2026-cı ildə də bu
istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar,
himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müvafiq
kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların
övladlığa və himayədar ailələrə verilməsi istiqamətində iş
aparılır. Görülən işlərin məqsədi uşaqların təhlükəsiz, qayğı dolu
və sağlam ailə mühitində böyüməsini təmin etməkdir.
2019-cu ildən icra olunan övladlığagötürmə mexanizmi ilə yanaşı,
ölkəmizdə 2023-cü ildən tətbiq olunan “Himayədar ailə” qayğı modeli
uşaqların ailə mühitinə daha tez adaptasiyasına, onların sosial və
emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və stabil
mühitdə böyüməsinə şərait yaradır”, məlumatda qeyd olunub.

