Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılması və bu modelin genişləndirilməsi prioritet hədəflər sırasındadır – Fariz Cəfərov (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

“Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramına yeni
müəssisələrin cəlb edilməsi, “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü
çərçivəsində Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılması
və bu modelin genişləndirilməsi prioritet hədəflər
sırasındadır.

Bunu Trend
müsahibəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya
Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O, müsahibəsində ötən il üzrə əldə edilən nəticələrdən,
“Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramından, insan
kapitalının inkişafından, “Azərbaycan Respublikasında rəqəmsal
iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün
Strategiya”nın icrasında 4SİM-in öhdəliklərindən, eləcə də
hədəflərdən danışıb.

F. Cəfərov bildirib ki, son illər qlobal miqyasda Dördüncü
Sənaye İnqilabının yeni mərhələyə keçidi ilə xarakterizə olundu.
Onun sözlərinə görə, artıq dünyada əsas müzakirə mövzusu
texnologiyaların olub-olmaması deyil, onların hansı miqyasda tətbiq
edildiyi, necə idarə edildiyi və iqtisadi dəyərə necə
çevrilməsidir: “Süni intellektin tətbiqi, big datanın analizi və
onun əsasında qərarvermə, avtomatlaşdırmanın yeni mərhələsi və
yaşıl texnologiyalar qlobal iqtisadi rəqabətin əsas alətlərinə
çevrilib.
Bu qlobal kontekst fonunda 2025-ci il Azərbaycan üçün də mühüm
keçid ili oldu. İl ərzində “Azərbaycan Respublikasının 2025-2028-ci
illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan
Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın
inkişafına dair Strategiya”nın qəbul olunması ölkənin rəqəmsal və
texnoloji transformasiyasını ilk dəfə olaraq vahid, ölçüləbilən və
nəticəyönümlü çərçivəyə saldı.

4SİM üçün isə 2025-ci il konsepsiyadan icraya keçidin
sürətləndiyi il oldu. Bizim əsas rolumuz qlobal trendlərlə milli
prioritetlər arasında körpülər qurmaqdır. Keçən il ərzində həm real
sektor üçün praktik tətbiq mexanizmləri formalaşdırılmasında, həm
də insan kapitalı və idarəetmə səviyyəsində texnologiyanın
tətbiqinin sistemləşdirilməsi prosesi davam etdirildi”.

F. Cəfərov vurğulayıb ki, 2025-ci ildə 4SİM üçün əsas strateji
nəticələrdən biri DİF-in “Sənaye Klasterlərinə Keçid”
(Transitioning Industrial Clusters) təşəbbüsünə qoşulma prosesi
başlandı: “Bu təşəbbüs sənayenin inkişafında fərdi şirkət
yanaşmasından klaster əsaslı yanaşmaya keçidi təşviq edir. Yəni
dövlət qurumları, müəssisələr, təchizatçılar, texnologiya
şirkətləri, startaplar, universitetlər, vahid sənaye klasteri
çərçivəsində koordinasiyalı şəkildə fəaliyyət göstərir. Məsələn,
bir sənaye parkında bütün müəssisələr üçün vahid rəqəmsal
platforma, ortaq məlumat mübadiləsi, birgə Sİ və avtomatlaşdırma
həlləri, koordinasiyalı kadr hazırlığı tətbiq olunur. Nəticədə
sənaye parkları və iqtisadi zonalarda Sənaye 4.0 keçidi
sürətləndirilir, texnologiyaların sistemli tətbiqi təmin edilir,
real sektorda rəqəmsal məhsuldarlıq artır.

Bu təşəbbüs çərçivəsində Sumqayıt Sənaye Parkı pilot klaster
kimi müəyyən edilib, NextGen sənaye klasteri konsepti
formalaşdırılıb və 4SİM, İqtisadiyyat Nazirliyinin tabeliyində
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), SOCAR Karbamid və
SOCAR Polymer müəssisələri arasında niyyət sənədi imzalamaqla
dünyanın 40-cı klasteri olmaq statusu qazanmışdır. Bu addımlar
sənaye klasterlərinin karbonsuzlaşması, rəqəmsal hazırlığın
artırmaqla sənaye 4.0 texnologiyalarının geniş miqyaslı tətbiqi və
beynəlxalq sənaye standartlarına inteqrasiya baxımından mühüm
əhəmiyyət kəsb edir. Belə ki, ölkəmiz dünyanın ən qabaqcıl
ölkələrinin klaster təcrübələrini öyrənməklə yeni uğurlar əldə
edəcəkdir”.

4SİM-in fəaliyyətinin 5 əsas istiqamət üzrə həyata keçirildiyini
xatırladan icraçı direktor bildirib ki, bunlar sahəvi
strategiyaların hazırlanması və tətbiqi, texnologiyaların
tətbiqinin stimullaşdırılması, insan kapitalının inkişafı,
beynəlxalq təcrübə mübadiləsi, maarifləndirmə və təşviqdir: “Sahəvi
strategiyaların hazırlanması və tətbiqi istiqamətində əsas
nailiyyət kimi “2026-2029-cu illər üzrə Azərbaycan Respublikasında
rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın Azərbaycan
Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli Sərəncamı
ilə təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Strategiya 3 məqsəd 9
prioritet istiqamət və 50 təşəbbüsü əhatə etməklə dövlət, biznes və
cəmiyyət üzrə sistemli transformasiyanı nəzərdə tutur. Bu sənəd
data yönümlü idarəetmənin inkişafı və iqtisadiyyatın rəqəmsal
transformasiyası baxımından dövlət idarəçiliyində institusional
çərçivəni gücləndirib.

Digər vacib istiqamət “Rəqəmsal İqtisadiyyatın İnkişafına
Dəstək” Proqramına start verilməsi olub. Proqram “İkili keçid (Twin
Transition) – yəni texnoloji və yaşıl keçid yanaşması əsasında
hazırlanıb və sənaye müəssisələrinin texnoloji hazırlıq
səviyyəsinin praktiki qiymətləndirilməsinə və icrasına fokuslanır.
Bu Proqram çərçivəsində pilot mərhələdə 3, əsas mərhələdə isə 15
müəssisə iştirak edib, 2030-cu ilə qədər 60-dan çox müəssisədə 5-8%
EBITDA artımı və 10-30% səmərəlilik artımı hədəflənir.

Eyni zamanda, Yeni Nəsil Texnologiyalar Mərkəzinin (Sənaye 4.0
Mərkəzi) fəaliyyətə başlaması üçün hazırlıq işlərinə start verilib.
Bu mərkəz real sektor üçün “öyrən tətbiq et” modelini təmin
edəcək.

2025-ci ildə “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə
start verildi. Bu təşəbbüs Dünya İqtisadi Forumu ilə əməkdaşlıq
çərçivəsində ölkədə əmək bazarında mövcud və gələcək bacarıq
tələblərinin sistemli şəkildə müəyyənləşdirilməsini və real
sektorun ehtiyaclarına uyğun ixtisaslaşmış kadrların hazırlanmasını
hədəfləyir. Platformanın həmsədrləri iqtisadiyyat naziri Mikayıl
Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti
Rövşən Nəcəf və PASHA Holding-in baş icraçı direktoru Cəlal
Qasımovdur. Koordinasiya funksiyası 4SİM tərəfindən həyata
keçirilir. 100-ə yaxın yerli şirkət bu təşəbbüsə üzv kimi
qoşulub.

Mahiyyət etibarilə Azərbaycan Bacarıqlar Akseleratoru
dövlət-biznes-təhsil tərəfdaşlığı modelinə əsaslanan, bacarıq
boşluqlarını sistemli şəkildə ölçən, prioritet sahələr üzrə sürətli
təlim və yenidənhazırlanma mexanizmlərini işə salan milli
platformadır. Məqsəd rəqəmsal və texniki bacarıqların inkişafını
sürətləndirmək, sosial inklüzivliyi təmin etmək və ömürboyu təhsil
mədəniyyətini gücləndirməkdir.

Qlobal miqyasda Dünya İqtisadi Forumunun təşəbbüsü ilə müxtəlif
ölkələrdə 50-yə yaxın milli səviyyəli bacarıqlar akseleratoru və ya
“Reskilling Revolution” çərçivəsində oxşar platformalar fəaliyyət
göstərir. Azərbaycan bu təşəbbüsə qoşulan və institusional modelini
formalaşdıran ölkələr sırasında yer alır.

İnsan kapitalının inkişafı üzrə digər təşəbbüs 2025-ci ilin
aprel ayında icrasına başlanılan və hazırda aktiv şəkildə davam
edən 4Sİ Akedemiyası (4-cü sənaye inqilabı akademiyası) “Milli
Proqram”dır. Proqram çərçivəsində ümumilikdə 70 min vətəndaşın
“Coursera” onlayn təhsil platformasında 18 mindən çox təlimlərə
qoşularaq, süni intellekt, data analitikası, biznes və texnoloji
bacarıqlar üzrə biliklərinin artırılması nəzərdə tutulub. Belə ki,
2500-dən çox kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə
tərcümə olub ki, bu da daha geniş kütlənin istifadə imkanlarını
artırmışdır”.




F. Cəfərov müsahibəsində həmçinin “Rəqəmsal İqtisadiyatın
İnkişafına Dəstək” Proqramından da bəhs edib. O qeyd edib ki,
sözügedən proqram məhz praktik nəticələrə fokuslanıb: “2025-ci ildə
sənaye, tikinti, metallurgiya, pərakəndə satış sektorlarını əhatə
edən 15 yerli iri, orta və kiçik sənaye müəssisəsi proqrama
qoşulub. Bu müəssisələrdə texnoloji hazırlıq, rəqəmsal potensial və
dayanıqlı inkişaf üzrə yerində diaqnostika prosesləri artıq
yekunlaşıb. Həmin müəssisələr üçün texnoloji transformasiya üzrə
biznes plan formatında fərdi yol xəritələri hazırlanaraq təqdim
edilir. Pilot mərhələdə proqrama qoşulan “METAK”, “Azerfloat” və
“STP Global Cable” şirkətləri isə artıq yol xəritələrinin icrasına
başlayıb. Bu isə o deməkdir ki, proqram kağız üzərində
qiymətləndirmə deyil, real transformasiya alətidir.

2026-cı ildə yeni müəssisələrin proqrama cəlb olunması nəzərdə
tutulur. Qeyd edim ki, iştirak tamamilə ödənişsizdir və sənaye
müəssisələri industry4.az internet səhifəsi vasitəsilə proqramla
bağlı ətraflı məlumat əldə edə bilərlər. Məqsədimiz mümkün qədər
çox yerli şirkətin bu transformasiya prosesinə sistemli şəkildə
qoşulmasını və proqramdan faydalanmasını təmin etməkdir”.

F. Cəfərov eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində
start verilən “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsindən də
danışıb. O bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”də nəzərdə tutulan strateji məqsədlərə
uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişafı, yerli sənaye
müəssisələrinin rəqəmsallaşma səviyyəsinin artırılması və innovativ
texnologiyaların tətbiqi ölkə iqtisadiyyatının davamlı və
rəqabətqabiliyyətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: “Bu kontekstdə Dünya İqtisadi Forumu tərəfindən əmək bazarının cari
və gələcək tələblərinin müəyyən edilməsi, ölkədə mövcud bacarıq
boşluqlarının aradan qaldırılması, eyni zamanda özəl sektorun
təlim-tədris sahəsinə cəlb edilməsinin stimullaşdırılması məqsədilə
DİF-in 35 ölkədə fəaliyyət göstərən Bacarıqlar Akseleratorunun
Azərbaycanda tətbiqinə başlanılıb. Məhz bu əməkdaşlıq çərçivəsində
həyata keçirilən “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi
ölkədə insan kapitalının strateji inkişafını təmin etməklə yanaşı,
əmək bazarının gələcək tələblərinə sistemli hazırlıq baxımından
mühüm platforma rolunu oynayır.

Layihə çərçivəsində aparılacaq sistemli təhlillər vasitəsilə
mövcud və yaranmaqda olan bacarıq boşluqları müəyyən ediləcək və bu
boşluqların aradan qaldırılmasına yönəlmiş hədəfli fəaliyyət
planları hazırlanacaq. Bu yanaşma layihə çərçivəsində nəzərdə
tutulan fəaliyyətlərin təsadüfi deyil, məhz real sektorun
ehtiyaclarına əsaslanaraq formalaşmasına imkan verəcək. Akselerator
dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirərək
işəgötürənlərin tələblərinə uyğun çevik və praktik bacarıqların
inkişafını təşviq edəcək. Xüsusilə rəqəmsal bacarıqlar, analitik
düşüncə, texnoloji savadlılıq və spesifik vərdişlər gələcəyin
peşələrinə hazırlıq baxımından prioritet təşkil edəcək.

Layihə qısa müddətli ixtisaslaşma modelləri vasitəsilə
insanların dəyişən əmək bazarına daha sürətli adaptasiyasını təmin
edəcək ki, bu da gənclərin məşğulluq imkanlarının artmasına, eyni
zamanda mövcud işçi qüvvəsinin bacarıqlarının yenilənməsinə şərait
yaradacaq. Regionların prosesə cəlb olunması isə insan kapitalının
daha balanslı və inklüziv inkişafına töhfə verəcək. Nəticə
etibarilə “Azərbaycan Bacarıqlar Akseleratoru” ölkədə müasir,
rəqabətqabiliyyətli və dayanıqlı bacarıqlar ekosisteminin
formalaşmasına xidmət edərək uzunmüddətli iqtisadi inkişaf üçün
möhkəm zəmin yaradacaq”.

İcraçı direktor “Azərbaycan Respublikasında rəqəmsal
iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün
Strategiya”nın icrasında 4SİM-in konkret rolu ilə bağlı isə suala
cavabında söyləyib ki, bu sənəd ölkə iqtisadiyyatında rəqəmsal
transformasiyanı sistemli və ölçülə bilən formada sürətləndirməyi
hədəfləyən əsas çərçivə sənədidir: “Strategiyada ümumilikdə 50
təşəbbüs təsbit olunub və onların içindən yüksək təsir gücünə malik
8 “əsas təşəbbüs” xüsusi prioritet kimi müəyyən edilib.

4SİM-in bu Strategiyanın hazırlanmasında və icrasındakı rolu
əsasən dövlət, biznes və beynəlxalq tərəfdaşlar arasında
koordinasiyanın təmin edilməsi, real sektor üçün pilot
mexanizmlərin qurulması və təşəbbüslərin praktik icrasının
dəstəklənməsindən ibarətdir.

Strategiya nəticəyönümlü sənəd kimi konkret göstəricilər müəyyən
edir. 2029-cu ilə qədər rəqəmsal transformasiya proqramlarında
iştirak edən müəssisələrin sayının 300-ə çatdırılması, 250 yeni
startapın formalaşdırılması, 200 KOB-un rəqəmsal bazarlara çıxış
əldə etməsi və 40 min nəfərin rəqəmsal bacarıqlar üzrə təlimlərdən
keçməsi və s. əsas hədəflər sırasındadır.

Strategiya çərçivəsində ölçülə bilən iqtisadi nəticələrə
rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə 5-8% EBITDA artımı
və 10-30% əməliyyat səmərəliliyinin yüksəlməsi daxildir”.

F. Cəfərov yekunda 2026-cı il və sonrakı dövr üçün 4SİM-in əsas
prioritetləri, texnoloji istiqamətləri və gözlənilən hədəfləri
açıqlayıb: “2026-cı ildən etibarən 4SİM-in fəaliyyət prioritetləri
“Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal
iqtisadiyyatın inkişafına dair Strategiya”nın icrası ilə birbaşa
əlaqələndirilir və bu strategiyada nəzərdə tutulan əsas
təşəbbüslərin praktiki icrasına fokuslanır. Bu çərçivədə 4SİM-in
əsas prioritetləri sənaye və biznes mühitində süni intellekt, data
analitikası, rəqəmsal əkiz və generativ süni intellekt kimi
Dördüncü Sənaye İnqilabı texnologiyalarının milli iqtisadiyyatın
müxtəlif sektorlarında tətbiqinin genişləndirilməsi, texnoloji
transformasiya proqramlarının müəssisələr üzrə tətbiqi və data
əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması olacaqdır.

Eyni zamanda texnoloji bacarıqların inkişafı, startap və
innovasiya ekosisteminin gücləndirilməsi, eləcə də sənaye
klasterləri və iqtisadi sahələr üzrə ölçülə bilən Əsas Performans
Göstəriciləri (KPI) əsasında transformasiya modellərinin tətbiqi
hədəflər sırasındadır. Bu yanaşma 4SİM-in beynəlxalq təcrübəni
yerli iqtisadiyyata transfer edən icraedici platforma kimi rolunu
möhkəmləndirərək, Azərbaycanın rəqəmsal iqtisadiyyata və dördüncü
sənaye inqilabına institusional və davamlı inteqrasiyasını təmin
etməyə yönəlib.

4SİM-in əsas prioritetləri ölkənin texnoloji və sənaye
transformasiyasının sürətləndirilməsi, insan kapitalının
gücləndirilməsi və texnologiyanın real iqtisadi dəyərə çevrilməsi
üzərində qurulub. Bu dövrdə süni intellekt, sənaye 4.0
texnologiyaları, data əsaslı idarəetmə və innovasiya ekosisteminin
inkişafı əsas texnoloji istiqamətlər olacaq.

Xüsusilə, “Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramına
yeni müəssisələrin cəlb edilməsi, “Sənaye Klasterlərinə Keçid”
təşəbbüsü çərçivəsində Azərbaycanın ilk sənaye klasterinin
formalaşdırılması və bu modelin genişləndirilməsi prioritet
hədəflər sırasındadır. Eyni zamanda, insan kapitalının inkişafı
istiqamətində “4Sİ Akademiyası – Milli Proqram”ın davam etdirilməsi
xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ilin aprel ayından start
verilən “Milli Proqram”ın icrası çərçivəsində indiyədək 60 min
nəfər “Coursera” platformasında 250 min təlimə ödənişsiz qoşulub.
Onlar 90 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq səviyyəli
sertifikatlar əldə ediblər. Hazırda tərəfdaşlarla aparılan
danışıqlar nəticəsində “Milli Proqram”ın daha bir il uzadılması
planlaşdırılır ki, bu da on minlərlə vətəndaşın gələcəyin
peşələrinə hazırlanmasına əlavə imkanlar yaradacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir