
Bakı. Trend:
Zəngin təbii sərvətlərə malik və istedadlı insanların yaşadığı
bir məmləkəti bu günə gətirib çıxaran rejim təəssüf ki, yenə də öz
ampluasındadır. Ermənistan istisna olmaqla, demək olar ki, heç bir
qonşusu ilə normal münasibətləri olmayan bu ölkəni idarə edənlərin
davranışı göstərir ki, onlar “cəhənnəmə gedən özü ilə yoldaş
axtarar” prinsipi ilə hərəkət edir və ətrafda da öz daxilindəki
kimi xaos yaratmağa çalışırlar.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Onun sözlərinə görə, İranın qonşu ölkələrə, o cümlədən
Azərbaycana münasibətdə atdığı bu addımlar cavabsız
qalmamalıdır.
“Öz dövlətimi yaxşı tanıdığım üçün əminəm ki, bunlar cavabsız
qalmayacaq. Sadəcə bir məsələ tam aydındır ki, bu qəbildən olan
hərəkətlər rejimin ömrünü onun başına yağdırılan raket
zərbələrindən də daha çox qısaldır. Bilmirəm, özləri bunun
fərqindədirlər, ya yox. Prezidentimiz İlham Əliyevin necə addım
atdığını, Azərbaycanın dövlət mövqeyini necə ortaya qoyduğunu
gördük. Azərbaycan bununla bir daha göstərdi ki, strateji
sabitliyin tərəfdarıdır, öz milli maraqlarından çıxış edir və hər
hansı bir ölkənin, o cümlədən İranın suverenliyinin pozulmasına,
daxili işlərinə qarışılmasına qarşıdır. Baxmayaraq ki, bu ölkə
bizim daxili işlərimizə ardıcıl və davamlı şəkildə, bəzən isə rəzil
xarakter alan müdaxilə cəhdləri edib. Görünür, xalq arasında
deyildiyi kimi, “qozbeli qəbir düzəldər”.
Azərbaycan vətəndaşları da, İranda yaşayan dəyərli soydaşlarımız
da bütün bunları görürlər. Birinci Qarabağ müharibəsi və İkinci
Qarabağ müharibəsi zamanı da rejimin necə yaramaz və müsəlmanlıq
prinsiplərindən uzaq hərəkətlər etdiyini görür, buna etirazlarını
bildirirdilər. Bu gün də Azərbaycanın necə davranış sərgilədiyini,
beynəlxalq hüquq və normaların yanında yer aldığını, məsuliyyətli
qonşu mövqeyi nümayiş etdirdiyini və bunun müqabilində baş
verənləri görürlər”.
Deputat qeyd edib ki, gələcəkdə baş verə biləcək bütün
hadisələrə görə məsuliyyət aqoniya vəziyyətində olan rejimin
üzərinə düşür.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

