
Bakı.Trend:
5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna
həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan
olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli
lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş
olunub.
Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və
onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli
hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub:
“Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin
ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir.
Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski
dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində
“Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki,
Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər
Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris
edilməkdədir.
1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab
edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər
göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib.
Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı
xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi,
Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır.
Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük
töhfələr verib, gənclərimizin hərb sənətinə marağının
artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb.
Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş
yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi
vacibdir.
Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci
vitse-prezident Mehriban Əliyeva gənclərə müraciətində milli
tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi
dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı
dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız
üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin
yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində
saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş
yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu
böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi
şəkildə faydalanmalıdır”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi,
tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik
Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova
Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış
edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də
pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən
Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki
xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb.
Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da
Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub,
Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz
sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.

