
Bakı. Trend:
İran ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan
Muxtar Respublikası ərazisinə zərbə endirilməsi açıq hərbi təcavüz
və terrordur. Hədəflər arasında mülki obyektlərin, o cümlədən
Naxçıvan Beynəlxalq Hava Limanı terminalının olması bu hücumun
təsadüfi deyil, planlı və məqsədli xarakter daşıdığını göstərir.
Mülki infrastruktura qarşı yönəlmiş zərbələr beynəlxalq humanitar
hüququn kobud şəkildə tapdanmasıdır və bunu heç bir siyasi bəhanə
ilə əsaslandırmaq mümkün deyil.
Bunu Trend-ə açıqlamasında
Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, bu hücumun bütün siyasi və hüquqi
məsuliyyəti birbaşa İran tərəfinin üzərinə düşür:
“Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsi dövlətlərin
bir-birinə qarşı silahlı güc tətbiqini açıq şəkildə qadağan edir.
Suveren dövlətin ərazisinə dron hücumu təşkil etmək beynəlxalq
hüquqa meydan oxumaq, regionda sabitliyi bilərəkdən pozmaq
deməkdir.
İran rəhbərliyi hadisə ilə bağlı dərhal və şəffaf izahat
verməlidir. Susmaq və ya məsuliyyəti yayınmaq vəziyyəti daha da
ağırlaşdıracaq. Regionda gərginliyin artmasına görə tam məsuliyyət
hücumu təşkil edən tərəfin üzərində qalacaq”.
S.Mikayılova əlavə edib ki, Azərbaycan indiyədək bütün qonşuları
ilə münasibətlərində beynəlxalq hüquqa və qarşılıqlı hörmət
prinsipinə sadiq qalıb:
“Rəsmi Bakı heç vaxt öz ərazisinin üçüncü dövlətlərə qarşı
istifadə olunmasına imkan verməyib və bu mövqe dəfələrlə ən yüksək
səviyyədə bəyan edilib. Azərbaycanın balanslı və məsuliyyətli
siyasətinə qarşı bu cür hücum açıq düşmənçilik aktıdır.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Prezident İlham
Əliyev İran rəhbərliyinə humanitar jestlər göstərdiyi, başsağlığı
verdiyi və hətta humanitar yardım planlaşdırdığı bir vaxtda belə
bir addımın atılması siyasi riyakarlığın və etimadsızlığın
göstəricisidir. Azərbaycan dar gündə qonşularına dəstək verib,
lakin cavab olaraq silahlı təxribatla üzləşib”.
Deputat əlavə edib ki, bu, İran tərəfindən ilk təhlükəli addım
deyil.
“Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə qarşı
silahlı hücum iki ölkə arasında münasibətləri ciddi şəkildə
sarsıtmışdı. Ard-arda baş verən təhlükəsizlik insidentləri göstərir
ki, problem təsadüfi deyil, sistemlidir və məqsədli şəkildə etimad
mühitini dağıtmağa yönəlib.
Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq
özünümüdafiə hüququnu özündə saxlayır. Silahlı hücuma məruz qalan
hər bir dövlət kimi Azərbaycan da öz suverenliyini, ərazi
bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün
bütün qanuni vasitələrdən istifadə etmək hüququna malikdir. Tarix
göstərir ki, Azərbaycana qarşı təxribat və təcavüz edən tərəflər
sonda bunun nəticələrini ağır şəkildə hiss ediblər. Bu dəfə də
istisna olmayacaq”, – deyə S. Mikayılova fikrini tamamlayıb.

