
Bakı. Trend:
2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin
50,2 faizini qadınlar təşkil edir. 2025-ci ildə doğulmuş 95,9 min
körpənin 46,9 faizi qız uşaqları olub.
Trend xəbər
verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 8 Mart
münasibətilə açıqladığı statistik göstəricilərdə əks olunub.
Statistikaya görə, təhsil sahəsində qadınların xüsusi çəkisi
yüksək olaraq qalır. Ümumi təhsil müəssisələrində müəllimlərin 80
faizdən çoxunu, ali təhsil müəssisələrində 60 faizdən çoxunu, orta
ixtisas təhsil müəssisələrində isə 80 faizə qədərini qadınlar
təşkil edir. Həkimlərin isə üçdə iki hissəsi qadınlardır.
Təhsilalanlar arasında da qadınların payı əhəmiyyətlidir. Belə
ki, ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu,
orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizdən
çoxunu, ali təhsil müəssisələrinin tələbələrinin isə 50 faizdən
çoxunu qızlar təşkil edir.
Respublikamızda elmi işçilərin 60 faizdən çoxu qadınlardır və
onların təxminən 30 faizi elmlər doktoru və fəlsəfə doktoru elmi
dərəcəsinə malikdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
2025-ci ilin ilkin məlumatlarına əsasən, məşğul əhalinin ümumi
sayında qadınların xüsusi çəkisi 48,1 faiz təşkil edir. Dövlət
qulluğunda çalışanlar arasında bu göstərici 30,3 faiz, fərdi
sahibkarlar arasında isə 23,7 faizdir.
Qadınların respublikamızın ictimai-siyasi həyatda təmsilçiliyi
də artmaqdadır. Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş
qadın deputatların sayı 2000-ci ildə 10,7 faiz olduğu halda,
2025-ci ildə 21,0 faizə yüksəlib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin
idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının
ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanlar arasında
qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə
bu göstərici 18,8 faizə çatıb.

