
ABŞ-də prezident Donald Trampa qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan pakistanlı iş adamı Asif Merçant məhkəmədə maraqlı açıqlama verib.
Onun sözlərinə görə, bu plana İran tərəfindən təzyiq nəticəsində qoşulmağa məcbur qalıb.
Modern.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, Merçant Nyu-Yorkun Bruklin məhkəməsində bildirib ki, İran tərəfi həyat yoldaşı və övladını öldürməklə hədələdiyi üçün onlarla əməkdaşlığa razılaşıb.
İttiham olunan şəxs deyib ki, 2024-cü ildə SEPAH ilə əlaqəli Merdad Yusef adlı şəxs ona ABŞ-a gedərək cinayətkarlar tapmağı və sifarişli qətl təşkil etməyi tapşırıb. Hədəf kimi isə Donald Tramp, o dövrdə prezident olan Co Bayden və Respublikaçılar Partiyasının siyasətçisi Nikki Haley kimi şəxslərin adları çəkilib.
Plan Merçantın potensial icraçılara 5 min dollar verməsindən sonra ifşa olunub. Həmin şəxslərin əslində Federal Bureau of Investigation agentləri olduğu üzə çıxıb və o, 2024-cü ilin yayında Texasdan Pakistana qayıtmaq istəyərkən saxlanılıb.
İş üzrə məhkəmə prosesi ötən həftə başlayıb.

