
Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart
2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank
“BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit
təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə
qabaqcadan razılıq verilib.
Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə
çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili
haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi
Bankın nəzarəti altında həyata keçiriləcəkdir.
Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə
ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB)
arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə”
imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və
tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə
onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də
xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların
depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, Bank
“BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə
qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB
tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı
müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq
kommunikasiya kanalları vasitəsilə çatdırılacaqdır.
Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın
kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid
yaratmır.
Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi
çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində
isə 0.6% təşkil edir.

