
Bakı. Trend:
Gürcüstanın işgüzar azərbaycanlı qadınları ilə növbəti görüş
Marneuli şəhərində keçirilib.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin təşəbbüsü və dəstəyi ilə baş tutan görüşdə Kvemo Kartli
bölgəsindəki soydaşlarımız iştirak edib.
Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin sədri
Leyla Əmrahova tədbirin məqsədinin müxtəlif sahələrdə uğur qazanan
xanımların fəaliyyətini işıqlandırmaq, onların nailiyyətlərini
təqdim etmək və qarşılıqlı fikir mübadiləsi üçün platforma yaratmaq
olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini
Şəfəq Binnətova çıxışında qurumun xaricdə yaşayan
azərbaycanlıların, xüsusilə qadınların bir araya gəlməsinə və
müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın yerli
cəmiyyətə inteqrasiyasına göstərdiyi dəstəkdən danışıb. O, həmçinin
gənc nəslin ana dilini, mədəniyyətini və tarixini qoruması üçün
həftəsonu məktəblərinin fəaliyyətinə dəstək verildiyini, eləcə də
diaspor fəalı qadınların xüsusilə Vətən müharibəsi dövründə
informasiya cəbhəsində mühüm işlər gördüyünü vurğulayıb.
Daha sonra müxtəlif sahələrdə fəaliyyət göstərən xanımlar
uğurlarından bəhs edib və göstərilən dəstəyə görə Azərbaycan
dövlətinə minnətdarlıqlarını bildiriblər.

