
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin iri müdafiə
şirkətləri silah istehsalının həcmini dörd dəfə artırmaq barədə
razılığa gəliblər.
Trend xəbər verir ki, o bu
barədə Ağ Evdə hərbi-sənaye kompleksinin aparıcı şirkətlərinin
rəhbərləri ilə keçirilən görüşdən sonra “Truth Social” sosial
şəbəkəsində paylaşım edib.
Tramp qeyd edib ki, görüşdə “BAE Systems”, “Boeing”, “Honeywell
Aerospace”, “L3Harris Missile Solutions”, “Lockheed Martin”,
“Northrop Grumman” və “Raytheon” şirkətlərinin yüksək vəzifəli
rəhbərləri iştirak ediblər.
Onun sözlərinə görə, tərəflər mümkün qədər qısa müddətdə
maksimum istehsal səviyyəsinə çatmaq məqsədilə ən müasir silahların
istehsalını dörd dəfə artırmaq barədə razılaşıblar. ABŞ lideri
əlavə edib ki, istehsal güclərinin genişləndirilməsi görüşdən
təxminən üç ay əvvəl başlanıb və artıq bir sıra zavodlar və
istehsal xətləri fəaliyyətə başlayıb.
Tramp həmçinin vurğulayıb ki, ölkənin müxtəlif ştatları
hərbi-sənaye kompleksinə aid yeni müəssisələrin tikintisi ilə bağlı
tenderlərdə iştirak etmək üçün müraciətlər göndərirlər.
ABŞ prezidentinin sözlərinə görə, Amerika hərbi-sənaye
kompleksinin rəhbərləri ilə növbəti görüşün iki aydan sonra
keçirilməsi planlaşdırılır.

