
Bakı. Trend:
ABŞ Fars körfəzində gəmilərin sığortalanması üçün xüsusi proqram
həyata keçirəcək.
Trend xəbər verir ki, ABŞ-nin
Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və Maliyyə Nazirliyi
İranla gərginlik fonunda Hörmüz boğazı vasitəsilə dəniz
daşımalarını sabitləşdirmək məqsədilə bölgədə fəaliyyət göstərən
gəmilər üçün 20 milyard dollara qədər sığorta təminatı olan
təkrarsığorta proqramı başlatmağı planlaşdırır.
Korporasiyanın açıqlamasında qeyd olunub ki, Beynəlxalq İnkişaf
Maliyyə Korporasiyasının təkrarsığorta mexanizmi ümumilikdə
təxminən 20 milyard dollar həcmində mümkün zərərlərin
sığortalanmasını təmin edəcək.
Bildirilib ki, proqram İranla münaqişə fonunda Hörmüz boğazı
üzərindən neft, mayeləşdirilmiş təbii qaz, gübrə və digər
məhsulların daşınmasının normallaşdırılmasına yönəlib. Bu barədə
korporasiyanın baş direktoru Ben Blek məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilən bu təşəbbüslə digər proqramlarla
müqayisədə daha geniş və etibarlı təhlükəsizlik təminatı təqdim
edəcək.
“İnanırıq ki, hazırladığımız təkrarsığorta mexanizmi neft,
benzin, mayeləşdirilmiş təbii qaz, reaktiv yanacaq və gübrənin
Hörmüz boğazı vasitəsilə yenidən dünya bazarlarına çatdırılmasına
şərait yaradacaq”, – deyə o vurğulayıb.

