ADA Universiteti 20 illik yubileyini qeyd edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

ADA Universitetinin tarixi 6 mart 2006-cı ildən başlayır və
beləliklə bu gün 20 yaşı tamam olur. Fəaliyyətinə diplomatik
təhsillə başlayan ADA Universiteti İnformasiya Texnologiyaları və
mühəndislik, Biznes, İctimai və beynəlxalq münasibətlər, Hüquq,
Təhsil, son illərdə isə ölkəmiz üçün vacib olan bir sıra yeni
istiqamətlər, o cümlədən Kənd təsərrüfatı və qida elmləri, Dizayn
və memarlıq fakültələrini təsis edib.

Trend xəbər
verir ki, yubiley münasibətilə təşkil olunan tədbirdə çıxış edən
rektor Hafiz Paşayev ADA Universitetinin kollektivini təbrik edərək
təhsil ocağının qurulması tarixindən bəhs edib. O, çıxışında
universitetin tələbə və professorlarını elmi tədqiqatlarda daha
fəal olmağa, xüsusilə də daha çox bədii ədəbiyyat oxumağa
çağıraraq, mütaliənin akademik mühit üçün xüsusi əhəmiyyət
daşıdığını vurğulayıb.

Hazırda ADA Universitetində 19 bakalavr, 13 magistr, 6
doktorantura ixtisası 300 nəfərlik pedaqoji heyət tərəfindən tədris
olunur.

Proqramlardan 7-si ABŞ və Avropanın aparıcı universitetləri ilə
birgə ikili diplom proqramlarıdır. Bundan əlavə, Universitet
tərəfindən dövlət və özəl qurumlar üçün müxtəlif mövzularda
ixtisasartırma proqramları da həyata keçirilir.

ADA Universitetində 58 ölkəni təmsil edən 5000 tələbə təhsil
alır. Bu günə qədər Universitetdən bir o qədər də tələbə məzun
olmuşdur. Məzunların məşğulluq göstəricisi 90%-dir. Tələbələr
təhsil müddətində dünyanın müxtəlif ölkələrində yerləşən 189
partnyor universitetdə mübadilə proqramlarında iştirak edirlər.




Fəaliyyətin bir hissəsi də dövlət və özəl sektorla əlaqələrin
inkişaf etdirilməsidir. Təhsil müddətində tələbələr müxtəlif
karyera sərgilərində və təcrübə proqramlarında iştirak edirlər.
Özəl qurumlarla birgə həyata keçirilən tələbə layihələri isə onları
erkən illərdən iş mühiti ilə tanış edir və gələcək karyera
imkanlarını genişləndirir.

Universitetin əsas fəaliyyət istiqamətlərindən biri də
regionlarda yerləşən tarixi memarlıq abidələrinin bərpa olunaraq
təhsilin orada aparılmasıdır. Belə ki, 2022-ci ildə bərpa olunmuş
Qazax Müəllimlər Seminariyası ali təhsilə əlçatanlığı təmin
etməklə, həm də regionlarda gənc kadrların inkişafına töhfə
verir.

Gənclər arasında Azərbaycanın tarixi, ədəbiyyatı və
mədəniyyətinin təbliği məqsədilə Universitet tərəfindən bir sıra
tarixi əhəmiyyətli əsərlər və materiallar yenidən nəşr olunaraq
ictimaiyyətə təqdim olunmuşdur. Bu nəşrlər həm də Azərbaycanla
bağlı tədqiqat işlərinə dəstəkdir.

ADA Universiteti ölkəmizdə keçirilən bir sıra nüfuzlu beynəlxalq
tədbirlərdə əsas akademik tərəfdaş və ya ev sahibi kimi yaxından
iştirak edib.

Təsis olunduğu gündən akademik mükəmməllik və məsuliyyətli
vətəndaşlıq kimi dəyərlər üzərində qurulmuş ADA Universiteti bu gün
tədris olunan proqramlar, aparılan tədqiqatlar, beynəlxalq
əlaqələri ilə ölkənin gələcək potensialının gücləndirilməsinə
xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir