
Bakı. Trend:
Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların,
mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart –
Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri
keçirilib.
Trend xəbər verir
ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən
uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa
olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarına
çatdırılıb.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və
tarixi ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin
uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin
artırılmasında, bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gün
də yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini
bəxş edirlər. Qeyd olunub ki, mərhəməti, humanistliyi, xeyirxahlığı
və vətənpərvərliyi ilə fərqlənən qadınlarımız ordu quruculuğu
prosesində də fəallıq göstərirlər.
Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı
təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər bölmələrdə
xidmət edən qadın hərbi qulluqçuların, dövlət qulluqçularının və
mülki işçilərin əməyinin daim yüksək qiymətləndirildiyi qeyd
edilib. Onlara gələcək xidmətlərində və şəxsi həyatlarında uğurlar
arzulanıb, xidmətdə fərqlənən bir qrup xanımlar müxtəlif
təltiflərlə mükafatlandırılıblar.
Sonda tədbirlərdə iştirak edən qadınlara bayram hədiyyələri və
gül dəstələri təqdim olunub.

