
Bakı. Trend:
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı
Ramazan təqviminə əsasən Ramazanın 18-ci günündən 19-a keçən gecə
ayın ilk Qədr gecəsidir.
Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı
gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində
lövhi-məhfuzdan tam şəkildə nazil edilib.
QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən bu ay Qədr gecələri
8 mart, 10 mart, 12 mart və 16 mart tarixlərinə təsadüf edir.
Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq
qalmaq hədislərdə tövsiyə edilib. Buna ərəb dilində “Əhya” deyirlər
(xalq arasında Qədr gecələrini “Əhya gecələri” də adlandırırlar).
Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni
ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə
düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr
gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz
qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun
olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır.

