Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu,
Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı rayonlarında, Abşeron
(I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax,
Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan,
Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər,
Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb),
Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına
məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx,
Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz,
Siyəzən və Şabranda tam (11 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanı keçirəcək. Bu gün tədrisi ingilis dilində olan
məktəblərin şagirdləri də imtahan verəcəklər.

DİM-dən Trend-ə bildirilib ki, imtahanda 58 min 138 şagirdin
iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral
iflic, eşitmə əngəlli və digər) 52 şagird də iştirak edəcək.
Onların rahat şəkildə imtahan verməsi üçün binalarda xüsusi zallar
ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə
gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər
təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil
olması üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları
məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim
keçirilib.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi
başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək lazımdır.

Şagirdlər imtahana aşağı qeyd edilən sənədləri
gətirməlidirlər:




– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan
binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764
buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi
ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir