
Bakı. Trend:
Albaniyanın Baş naziri Edi Rama NATO-nun Türkiyəyə doğru
yönəlmiş daha bir İran ballistik raketini vurduğunu açıqlamasına
münasibət bildirib.
Trend-in
məlumatına görə, bu barədə baş nazir “X” sosial şəbəkəsində
yazıb.
E.Rama bildirib ki, Albaniya ikinci belə hücumu qətiyyətlə
pisləyir və bunun narahatedici bir hərəkət olduğunu bildirib.
Hökumət başçısı vurğulayıb ki, Albaniya NATO-nun
təhlükəsizliyini və birliyini qorumaqda Türkiyəni və bütün
müttəfiqlərini qətiyyətlə dəstəkləyir.
“Albaniya İran rejiminin Türkiyəyə raket zərbəsini qətiyyətlə
pisləyir. Bunun son günlərdə ikinci belə zərbə olması dərin
narahatlıq doğurur və bu hərəkətlərin aqressiv və qeyri-sabitlik
yaradan mahiyyətini daha da vurğulayır. Türkiyə Albaniyanın dostu
və strateji tərəfdaşı olmaqla yanaşı, dəyərli NATO müttəfiqidir.
İran rejiminin qonşularına amansız hücumlar yolu ilə gərginlik və
qeyri-sabitlik yaratmaq cəhdləri son dərəcə təhlükəlidir.
Albaniya NATO-nun Alyans ərazisini, hava məkanını və
vətəndaşlarını qorumaqdakı çevik hərəkətlərini təqdir edir.
Albaniya Türkiyəni və bütün müttəfiqləri Alyansımızın
təhlükəsizliyini və birliyini qorumaqda qətiyyətlə dəstəkləyir”, –
deyə paylaşımda bildirilib.

