
Bakı. Trend:
İrandakı münaqişə enerji idxalı, pul köçürmələri, maliyyə
subsidiyaları, valyuta məzənnələri və beynəlxalq maliyyələşdirməyə
çıxış kimi kanallar vasitəsilə bəzi inkişaf etməkdə olan ölkələrin
borcalanları üçün əlavə çətinliklər yarada bilər.
Trend xəbər verir
ki, bu barədə “Fitch Ratings” hesabatında bildirilib.
“Fitch”, həmçinin böhranın ayrı-ayrı ölkələrə təsir göstərə
biləcəyi spesifik amillərin mövcudluğunu qeyd edir: İrandakı
qeyri-sabitlik qaçqınların kütləvi şəkildə ölkədən çıxmasına səbəb
olarsa, Azərbaycan, İraq və Türkiyə zərər çəkə bilər.
“Fars körfəzi xaricindəki inkişaf etməkdə olan bazarlarda
yerləşən Anqola, Argentina, Azərbaycan, Braziliya, Kolumbiya,
Ekvador, Qabon, Qazaxıstan, Nigeriya və Konqo Respublikası kimi
karbohidrogen ixrac edən ölkələr üçün enerji qiymətlərinin uzun
müddət yüksək olması ixrac gəlirlərinin artmasına və maliyyə
vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Reytinqlər
qiymətləndirilərkən xarici və dövlət maliyyə vəziyyətinin
yaxşılaşma müddəti nəzərə alınacaq”, – deyə hesabatda
bildirilib.
Reytinq agentliyinin analitiklərinin fikrincə, karbohidrogen
ixracatçıları müsbət təsir hiss edə bilərlər.
“Hörmüz boğazının bağlanmasının bir aydan az davam etdiyi və
bölgədəki neft hasilatı infrastrukturuna ciddi ziyan dəyməsinin
qarşısı alındığı baza ssenarimizdə, inkişaf etməkdə olan bazarların
reytinqləri üçün risklər məhdud qalmalıdır. Lakin, daha uzun bir
bağlanma və ya daha uzunmüddətli təsir əhəmiyyətli bir təsirə səbəb
ola bilər”, – deyə qeyd olunub.
“Fitch” hesab edir ki, neft və qaz idxalı, qlobal enerji
qiymətlərinə təsirini nəzərə alaraq, münaqişə risklərinin
ötürülməsi üçün ən birbaşa kanaldır.
“Bir çox kiçik inkişaf etməkdə olan ölkələr üçün xalis qazıntı
yanacaq idxalı ÜDM-in əhəmiyyətli bir hissəsini təşkil edir. Böyük
iqtisadiyyatlar arasında biz hesab edirik ki, bu, Çili, Misir,
Hindistan, Mərakeş, Pakistan, Filippin, Tailand və Ukrayna üçün
ÜDM-in 3 faizi və ya daha çoxuna bərabərdir.
Artan idxal xərclərinə qarşı həssaslıq Pakistan kimi onsuz da
məhdud maliyyələşdirmə qabiliyyətinə malik və ya böyük cari hesab
kəsirləri olan bazarlarda daha kəskin olacaq. 2025-ci ilin dekabr
ayında “Fitch” bu il Ukrayna (15,4 faiz) üçün böyük cari hesab
kəsiri, Filippin (3,4 faiz) və Misir (3,0 faiz) üçün isə orta kəsir
proqnozlaşdırmışdı”, – deyə bildirilib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

