
Bakı. Trend:
“Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən,
nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı
vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə
hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə
yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil
yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət
istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət
etmək qadağandır.
Trend xəbər
verir ki, bu barədə məlumat DİN-in Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin zolaqlarda hərəkətlə bağlı sürücülərə
müraciətində əks olunub.
“Ancaq təəssüflər olsun ki, paytaxt yollarında sağ zolaq boş
olduğu halda sol zolaqda hərəkət edən bir çox sürücülərə rast
gəlinir. Bununla yanaşı, nəqliyyat vasitələrinin bütün hərəkət
zolaqlarını tutduqları intensiv hərəkət vaxtı bəzi sürücülərin
faraların uzaq işıqlarını ardıcıl şəkildə yandırıb-söndürərək yol
tələb etməsi, nəqliyyat vasitəsini sürətlə sürməsi və düzgün ara
məsafəsi saxlamaması halları da tez-tez müşahidə edilir. Belə
hallar daha çox paytaxtın üç və daha çox hərəkət zolağı olan –
Aeroport şosesi, Heydər Əliyev, Ziya Bünyadov prospektləri,
Bakı-Sumqayıt şosesi və digər əsas yollarında olur.
Bununla mənzil başına daha tez çatacaqlarını düşünən belə
sürücülər radara yaxınlaşdıqda qəfil sürəti azaltmaqla yanaşı,
düzgün ara məsafəsi saxlamadıqlarından qəzalar baş verir. Eyni
zamanda sürücülərin bu cür davranışları həmin zolaqda hərəkətdə
olan digər sürücüləri təşvişə salır, onlar qəfil manevrlər etmək
məcburiyyətində qalırlar. Bu tip sürücülər nədənsə elə düşünürlər
ki, sol zolaqda hərəkət edən digər sürücülər onlara mütləq yol
vermək məcburiyyətindədir.
Lakin Qanunda qeyd olunub ki, yalnız operativ nəqliyyat
vasitələri üstün keçid hüququna malikdir və onlar yaxınlaşdığı
zaman zolağın boşaldılması tələb olunur. Hətta bu nəqliyyat
vasitələri üstün hərəkət rejimindən istifadə edərkən xüsusi işıq və
səs siqnallarını qoşmalıdır. Digər sürücülərin isə belə bir
üstünlük hüququ yoxdur.
Qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri
intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə
hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa
və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara
əməl etməklə dəyişə bilərlər.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə
yollarda hərəkət edərkən sağ zolaqlara üstünlük vermələrini, zəruri
hallar üçün sol zolaqları boş saxlamalarını tövsiyə edir”,
müraciətdə bildirilir.

