Dezinseksiya və təhlükəsizlik qaydaları – Səhiyyə Nazirliyindən xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
əhalinin sağlamlığının qorunması məqsədilə həşəratlarla mübarizə
sahəsində kompleks və sistemli tədbirlər həyata keçirir.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin Parazitologiya şöbəsinin müdiri vəzifəsini icra edən
parazitoloq Aydan Hüseynli açıqlayıb.

Onun sözlərinə görə, bu tədbirlər əsasən sanitar epidemioloji
təhlükəsizliyin təmin olunmasına, həşəratların yayılmasının
qarşısının alınmasına və onların vasitəsilə ötürülən yoluxucu
xəstəliklərin profilaktikasına yönəlib:

“İlk növbədə, Mərkəz tərəfindən yaşayış məntəqələrində ictimai
binalarda, təhsil və səhiyyə müəssisələrində sanitar-gigiyenik
vəziyyətə mütəmadi nəzarət edilir. Səhiyyə Nazirliyi Respublika
Gigiyena və Epidemiologiya Mərkəzi əhalinin sağlamlığını qorumaq
məqsədilə həşəratlarla mübarizəni sanitar-epidemioloji tədbirlərin
əsas istiqamətlərindən biri kimi həyata keçirir. Bu fəaliyyət
“dezinseksiya” adlanır və yoluxucu xəstəliklərin yayılmasının
qarşısının alınmasına yönəlib. Bu məqsədlə, davamlı monitorinq və
müşahidələr aparılır. Əvvəlcə mütəxəssislər ərazilərdə həşəratların
(ağcaqanad, milçək, bit, taxtabiti, gənə, birə və s.) yayılma
səviyyəsini öyrənirlər. Ərazi dedikdə yaşayış məntəqələri, su
hövzələrinin ətrafı, məktəb və uşaq bağçaları, xəstəxanalar nəzərdə
tutulur.




Bu müşahidələr nəticəsində risk zonaları müəyyən edilir və
tədbirlər planı hazırlanır. Profilaktik tədbirlər dedikdə nəzərdə
tutulan xəstəlik yaranmadan qabaq görülən tədbirlər aiddir. Bunlara
bataqlıq və durğun suların qurudulması (ağcaqanadların çoxalmasının
qarşısını almaq üçün), əhali arasında gigiyena qaydaları barədə
maarifləndirmə aiddir. Bundan əlavə, zərərli həşəratların məhv
edilməsi üçün kimyəvi mübarizə də (Dezinseksiya) aparılır.
Dezinseksiyada sertifikatlaşdırılmış insektisid preparatlar tətbiq
olunur. Bu preparatlar çiləmə, dumanlama, aerozol üsullarında
istifadə edilir. Bu proseslər insan sağlamlığı üçün təhlükəsiz
dozalarla və mütəxəssis nəzarəti altında həyata keçirilir. Bioloji
üsullar isə bəzi hallarda istifadə edilir. Bu zaman həşəratların
təbii düşmənlərindən istifadə olunur. Yəni, suda sürfələri məhv
edən bioloji preparatlar tətbiq edilir. Bu üsullar ekoloji baxımdan
daha təhlükəsiz hesab olunur. Ocaq müəyyən edildikdən sonra əgər
hansısa ərazidə yoluxucu xəstəlik (məsələn, malyariya, leyşmanioz,
gənə ilə keçən infeksiyalar və s.) aşkarlanarsa, xəstəlik ocağı
ətrafında təcili dezinseksiya aparılır. Xəstənin yaşadığı və
təmasda olduğu yerlər xüsusi rejimdə işlənir və təkrar yoxlamalar
təşkil olunur. Ən sonda nəzarət və qiymətləndirmə işi
aparılır”.

A.Hüseynli qeyd edib ki, aparılan tədbirlərdən sonra
həşəratların sayı yenidən ölçülür, effektivlik qiymətləndirilir,
lazım gəldikdə əlavə mübarizə mərhələləri həyata keçirilir:

“Beləliklə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və
Epidemiologiya Mərkəzi həşəratlarla mübarizəni yalnız onları məhv
etməklə yox, həm də yayılma səbəblərini aradan qaldırmaq, xəstəlik
riskini azaltmaq və əhalinin sanitar-gigiyenik təhlükəsizliyini
təmin etmək məqsədilə kompleks şəkildə həyata keçirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir