
Bakı. Trend:
Bu ilin yanvar ayında Bakıda sənaye sektorunda istehsal olunmuş
malların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkil
edib.
Trend bu barədə Bakı şəhər Statistika İdarəsinə
istinadən xəbər verir.
Məlumata görə, sənaye məhsulunun 70,0 faizi mədənçıxarma, 25,1
faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal
olunub.
Hesabat ayında sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz
olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,4 faiz,
sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6 faiz təşkil
edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara
göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə
alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2026-cı il
vəziyyətinə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış
və satış üçün nəzərdə tutulmuş 39,9 milyon manat məbləğində digər
məhsullar da mövcud olub.

