
Bakı. Trend:
Novruzun üçüncü çərşənbəsi bəzi bölgələrdə Yel, bəzilərində isə
Torpaq çərşənbəsi kimi qeyd olunur. Çərşənbələrin adlandırılması
ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı Trend-ə açıqlamasında
bildirib ki, hazırda çərşənbələrin ünsürlərlə adlandırılması zamanı
müəyyən uyğunsuzluqlar diqqət çəkir. Onun sözlərinə görə, bu gün
qəbul edilən sıralamada əvvəl Su, sonra Od, Yel və Torpaq
çərşənbələri göstərilir ki, bu da bir çox tədqiqatçılara görə
məntiqli sayılmır:
“Əslində isə əvvəlcə Günəş, yəni od oyanmalıdır. Daha sonra od
buzu əritdiyi üçün Su çərşənbəsi gəlməlidir. Üçüncü mərhələdə isə
su torpağın üzərindən axaraq onu yumşaldır və bununla da Torpaq
oyanır. Dördüncü çərşənbədə isə havanın isinməsi ilə isti küləklər
əsməyə başlayır. Bu baxımdan məntiqlə sonuncu çərşənbə Yel, yəni
Külək çərşənbəsi olmalıdır”.
Bəzi yerlərdə bu gün “ölü çərşənbə” kimi də
tanınır
Folklorşünas bildirib ki, bu gün qeyd olunan çərşənbə bəzi
bölgələrdə Torpaq çərşənbəsi deyil, Yel çərşənbəsi kimi qeyd
edilir:
“Yel çərşənbəsi küləyin oyanmasını, təbiətin hərəkətə gəlməsini
ifadə edir. O, baharın yaxınlaşmasının xəbərçisi, həyatın
yenilənməsinin simvolu sayılır. Adətən ev təmizliyi də məhz bu
həftədə aparılır ki, insanlar ilaxır çərşənbəyə təmiz və pak
şəkildə daxil olsunlar. Xalq inanclarında Yel çərşənbəsi yenilənmə,
hərəkət və dəyişiklik rəmzi kimi qəbul edilir.
Qeyd etdiyimiz kimi, bəzi bölgələrimizdə bu çərşənbə Torpaq
çərşənbəsi kimi qeyd olunur. El arasında ona bəzən “ölü çərşənbə”
də deyilir. Həmin gün insanlar qəbiristanlıqlara gedir, məzarları
ziyarət edir, qəbirlərin üzərinə xonça qoyurlar. Axşamüstü, şər
qarışanda isə şam və çıraq yandırırlar.
Ənənələrə görə ilk iki çərşənbə əsasən həyət-bacaya su çiləməklə
qeyd olunurdusa, üçüncü çərşənbədə dünyasını dəyişmiş yaxınların
adına ehsan qazanı asılması kimi adətlər də yerinə yetirilir”.
Folklorun rəngarəngliyi çərşənbə ənənələrində də özünü
göstərir
Aynur Qəzənfərqızı folklorumuzun rəngarəngliyinə də diqqət
çəkib:
“Ümumiyyətlə, folklor öz rəngarəngliyi ilə gözəldir.
Çərşənbələrin hansı bölgədə necə qeyd olunmasının ciddi fərqi
yoxdur. Onu mütləq vahid bir sistemə salmağa çalışmaq da doğru
yanaşma sayılmır. Hər bölgənin özünəməxsus ənənələri
yaşamalıdır.
Kütləvi informasiya vasitələrinə, mediaya də bir çağırış etmək
istərdim: İnsanların inanclarına həssas yanaşaq. Televiziya və
radio proqramlarında yalnız “Yel çərşənbəniz mübarək” deməklə
kifayətlənməyək, həm də “Torpaq çərşənbəniz mübarək” ifadəsini
işlədək. Düşünürəm ki, ən doğru yanaşma budur. Xalqın inanclarına
hörmətlə yanaşmaq hər birimiz üçün vacibdir”.
Çərşənbəniz mübarək!

