
Vaşinqton. Trend:
Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası (USACC)
tərəfindən təşkil olunan ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı
keçirilir.
Bu barədə Trend–
in xüsusi müxbiri məlumat verir.
Konfransın mövzusu “ABŞ-Azərbaycan Ticarət və Biznes Gündəliyi:
Bazarları Birləşdirməklə Gələcəyi Formalaşdırmaq”dır.
Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyi
münasibətilə keçirilən konfrans ABŞ və Azərbaycanın dövlət
qurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini,
investorları və maliyyə sektorunun təmsilçilərini bir araya
gətirib.
Tədbir USACC-nin icraçı direktoru Natiq Baxışovun salamlama
nitqi, USACC İdarə Heyətinin sədri Reza Vəzirinin və Azərbaycanın
ABŞ-dakı səfiri Xəzər İbrahimin çıxışları ilə başlayıb.
Tədbir çərçivəsində ikitərəfli ticarətin və strateji
əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş əsas sessiya, həmçinin
texnologiyaların inkişaf amili kimi rolu, enerji infrastrukturu və
ABŞ ilə Azərbaycan arasında maliyyə əməkdaşlığının gücləndirilməsi
mövzularında panel müzakirələri keçiriləcək.
Konfrans iştirakçıları arasında Azərbaycanın iqtisadiyyat
nazirinin birinci müavini Elnur Əliyev, ABŞ Ticarət Departamentində
Sənaye və təhlükəsizlik üzrə katib müavini Ceffri Kessler,
Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov, ABŞ
Dövlət Departamentində enerji və kritik minerallar məsələləri üzrə
katib köməkçisinin müavini Reci Sinqh, SOCAR-ın Prezidenti Rövşən
Nəcəf, SOCAR-ın Vitse-prezidenti Əfqan İsayev, “U.S. International
Development Finance Corporation” (DFC)-nin idarəedici direktoru
Kennet Encel, USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa və
Avrasiya üzrə regional direktoru Karl Kress, Bakı Fond Birjasının
İdarə Heyətinin sədri Ruslan Xəlilov yer alır.
Panel müzakirələrində həmçinin “McLarty Associates”,
“Honeywell”, “NEQSOL Holding”, “Visa”, “Bechtel”, “AECOM”, “Nobel
Energy Americas” və ABŞ-nin Exim bankın yüksək səviyyəli
nümayəndələri iştirak edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə
“HAIMAKER.AI” Inc şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal
platforma və ekosistemin yaradılması üzrə potensial tərəfdaşlığa
dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçiriləcək. Sənədi
Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və
“HAIMAKER.AI Inc” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru
Su Le imzalayacaqlar.
Konfransın əsas məqamlarından biri də ikitərəfli ticarətin və
iqtisadi əməkdaşlığın inkişafına töhfə verən şirkət və
təşkilatların mükafatlandırılması mərasimi olacaq.
USACC təsis edildiyi vaxtdan (1995-ci ildən) ABŞ və Azərbaycan
arasında ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün
aparıcı platforma rolunu oynayır. Palata son 30 il ərzində dövlət
və özəl sektorlar arasında dialoqun qurulmasında, ticarətin
təşviqində, biznesin şaxələndirilməsində və iki ölkə arasında
iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.
Xəbər yenilənəcək

