
Bakı. Trend:
10 mart tarixində Azərbaycan Respublikasının Baş naziri,
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli
Əsədovun sədrliyi ilə Holdinqin iclası keçirilib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyində Holdinqin idarəetməsində
olan Portfel Şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət
Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o
cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, “Azərpambıq Aqrar
Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi baxış,
dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı
qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-nin portfel
şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı
müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya
Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı
dinlənilib. İclasda təqdim olunan məsələlərə dair AİH-in Müşahidə
Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və iclasa dəvət
olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun
Məmmədov çıxış ediblər.
İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və
təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə
qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq
tapşırıqlar verilib.

