
Vaşinqton. Trend:
ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) aprel ayında
Azərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır.
Bu barədə USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa və
Avrasiya üzrə regional direktoru Karl Kress Vaşinqtonda
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş
ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
O qeyd edib ki, USTDA iki ölkə arasında kommersiya əlaqələrinin
genişləndirilməsi yollarını tapmaq üçün Azərbaycanla fəal şəkildə
əməkdaşlıq edir.
“Son iki ay ərzində USTDA nümayəndələri artıq iki dəfə
Azərbaycana səfər ediblər və biz fəal şəkildə apreldə agentliyin
ölkəyə üçüncü missiyasını təşkil etməyi planlaşdırırıq. Layihələrin
ilkin planlaşdırılması alətlərimizin və tərəfdaşlıqların qurulması
tədbirlərinin tətbiqi üçün vəziyyət həqiqətən münasib görünür.
USTDA-nın əsas məqsədi həm ABŞ-nin, həm də xarici tərəfdaşlarımızın
maraqları naminə dünya səviyyəli, sınaqdan keçmiş Amerika
infrastrukturunun tətbiqini təşviq etməkdir. Bu isə Amerika
şirkətlərinin Azərbaycan üçün də prioritet olan infrastruktur
layihələrində iştirak etməsi üçün yeni imkanların yaradılması
deməkdir. Azərbaycanda xüsusilə enerji və rəqəmsal infrastruktur
sahələrində perspektivlər görürük, həmçinin zəruri əhəmiyyətli
minerallar üzrə nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı
potensial layihələri araşdırmaq istəyirik”, – deyə USTDA-nın
regional direktoru bildirib.

