
Bakı. Trend:
Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq
aeroportu yaxınlığına iki İran pilotsuz uçuş aparatı düşüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Hücum nəticəsində dörd nəfərin yaralandığı bildirilir.
Dubay Media İdarəsi (Dubai Media Office) yaralananlardan
ikisinin Qana vətəndaşı, birinin Banqladeş vətəndaşı olduğunu və
aldıqları xəsarətlərin yüngül olduğunu açıqlayıb. Dördüncü
zərərçəkən isə hindistanlıdır və onun orta-dərəcəli xəsarət aldığı
deyilir.
Dron hücumlarına rəğmən aeroportun uçuşları davam etdirdiyi qeyd
olunur.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

