
Bakı. Trend:
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi sifarişçi kimi çıxış
edir. Çünki nazirliyinin özünün texnoloji imkanları o qədər deyil
ki, orada mühəndislər, proqramçılar işləsinlər, yeni tətbiqlər
ortaya qoysunlar.
Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədr
müavini Fariz İsmayılzadə parlamentin Aqrar siyasət komitəsində
keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr
və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Sədr müavini bildirib ki, bu tətbiqləri, proqramları, süni
intellektdən istifadə edən texnologiyaları özəl sektor ortaya
qoymalıdır, müəyyən şirkətlər ortaya çıxarmalıdır:
“Bizdə proqramçılar qrupları yaranmalıdır. Yəni bu sahədə bizdə
hələ bir az boşluq var. Azərbaycanda bu sahə bir qədər zəif inkişaf
edib. Düzdür, bizim gənc IT mütəxəssislərimiz var, amma hansısa
dünya ölkəsi ilə rəqabət apara biləcək tətbiqin ortaya qoyulduğunu
mən hələ görməmişəm: startaplar olsun və ya digər layihələr olsun –
bu sahəyə biz diqqət etməliyik. Çalışmalıyıq ki, Azərbaycanda yerli
məhsullar inkişaf etsin, yerli tətbiqlər, yerli süni intellektlə
bağlı proqramlar yaradılsın”.
Millət vəkili bildirib ki, bunun üçün də özəl sektor, təhsil
müəssisələri və dövlət qurumları birlikdə çalışmalıdır:
“Yəni bu üçtərəfli tərəfdaşlıq olmalıdır. Dövlət qurumları,
bəlkə, sifarişçi kimi çıxış edir, özəl sektor məhsullar ortaya
qoyur – tətbiqlər, proqramlar, yeni icadlar. Elmi müəssisələr isə
bunun üçün kadr hazırlayır.
Əgər bu üçtərəfli tərəfdaşlıq olarsa və doğrudan da Azərbaycan
özəl şirkətləri və proqramçıları yeni məhsullar ortaya qoya
bilərlərsə, biz gələcəkdə bunu xaricə də sata bilərik. Çünki
Azərbaycan bazarı kifayət qədər kiçik bazardır. Əgər regional
bazara baxsaq – Orta Asiya, Cənubi Qafqaz, Rusiya, Yaxın Şərq – bu
ölkələrə də öz tətbiqlərimizi, öz IT məhsullarımızı sata bilərik.
Beləliklə, biz artıq ixracla da məşğul ola bilərik və bundan
müəyyən qazanc əldə edə bilərik.
Kənd təsərrüaftı nazirinin diqqətini bu məsələyə cəlb edim: biz
necə edə bilərik ki, təkcə Azərbaycan bazarı üçün yox, regional
bazar üçün tətbiqlər və həllər təklif edək? Bununla da IT sahəsi
daha da inkişaf edə bilsin”.

