
Bakı. Trend:
Süni intelektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri
inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş
dövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır.
Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar
siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin
tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə
deyib.
Millət vəkili nümunə gətirib ki, bu rəqəm əksər inkişaf etmiş
dövlətlərdə 2 faizədəkdir, Rusiyada 5, Polşada isə 6 faizdir.
Ekosistemi yaxın olan Qazaxıstanda 11, Türkiyədə 14 faizdir.
Niderlanda məşğul əhalinin 2 faizi kənd təsərrüfatında çalışsa da,
2025-ci ildə bu ölkənin aqrar ixracatı 137,5 milyard avro olub:
“Məşğul əhalinin üçdə birinin çoxunun çalışdığı Azərbaycanda isə
aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 1,3
milyard dollar olub. Azərbaycanda istehsal və ixrac imkanlarının
artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni
intelektdən daha sıx şəkildə istifadə vacibdir”.
Deputat vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi süni
intelektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən daha
konkret nəticələr barədə də məlumat verməlidir:
“Süni intelektdən və ya rəqəmsal həllərdən istifadə nəticə
deyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur.
Eləcə də, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansı
hissəsinin süni intelekt və ya rəqəmsal həllərin tətbiqi
nəticəsində əldə edilməsinin də hesablanmasına ehtiyac var.
Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar
sektorda yaradılan dəyər 4,7 milyard dollar intervalında
qiymətləndirilir. 2035-ci ilədək isə 46,6 milyard dollara çatacağı
proqnozlaşdırılır. Azərbaycanda hələ süni intelektin sektorial
yaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın
tətbiqi çox vacibdir. Süni intelektdən aqrar sektorda istifadə
imkanları geniş olmaqla yanaşı, bu sahədə yaradılan dəyərin
artmasına səbəb ola bilər”.

