
Bakı.Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də
ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti
Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan
Zunqrana ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı idmanın inkişafının Azərbaycanın
dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə
çatdırılıb. Ölkəmizdə su idman növlərinin, xüsusilə avarçəkmənin
inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma
Memorandumunun əhəmiyyəti vurğulanıb.
Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata
keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli
şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.

