
Bakı. Trend:
Britaniya polisi bir qrup ictimai fəalın bazar günü Londonun
mərkəzində keçirməyi planlaşdırdığı İrana-dəstək yürüşünü qadağan
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Polis idarəsi bunu Yaxın Şərqdəki münaqişə və fərqli cəbhələr
arasında olan gərginliklə əlaqələndirərək, yürüş zamanı İran
əleyhdarlarının da aksiya keçirə biləcəyi və toqquşma ehtimalının
olduğunu bildirib.
Məlumata görə, İrana dəstək aksiyası İranyönümlü olduğu deyilən
İslam İnsan Haqqları Komissiyasının hər il keçirdiyi “Qüds” yürüşü
çəçrivəsində planlaşdırılırdı.
Polisin yaydığı bəyanatda deyilir: “Yaxın Şərqdəki qeyri-sabit
vəziyyətin etiraz aksiyalarına mümkün təsirini nəzərə almışıq. İran
rejimi Britaniyanın müttəfiqlərinə və xaricdə yerləşən hərbi
bazalara hücum edir.Biz təhlükəsizlik xidmətlərinin Böyük Britaniya
ərazisində İran rejimindən qaynaqlanan təhdidlər barədə açıq
xəbərdarlıqlarını da nəzərə almalıyıq”.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

