
Bakı. Trend:
Azərbaycan və Çinin “iSoftStone” şirkəti arasında rəqəmsal
iqtisadiyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Çinin “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti Li Huanq
ilə rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində tərəfdaşlıq
imkanlarını müzakirə etdik.
Texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektron
avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin
formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi
apardıq”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanla Çin arasında
ticarət əməliyyatlarının həcmi 417,8 milyon ABŞ dolları təşkil
edib.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 38,3 milyon ABŞ dolları və ya 10,1% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 11,81%-i həcmində olub. Bununla da sözügedən
ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.
Bu ilin yanvar ayında Azərbaycandan Çinə 10,2 milyon dollarlıq
məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
9,065 milyon ABŞ dolları və ya 9,2 dəfə çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana isə 407,7 milyon ABŞ dolları
dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 29,2 milyon ABŞ dolları və ya 7,7% artım
deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox
məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

