
Bakı. Trend:
2023-2025-ci illərdə film istehsalı üzrə xarici istehsalçılar
tərəfindən ölkəyə təxminən 10 milyon ABŞ dolları həcmində vəsait
cəlb olunub.
Trend xəbər
verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün
Bakıda bp-nin maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycan
Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) layihəsinin təqdimatında
çıxışı zamanı deyib.
“Film istehsalı sahəsində 90% güzəştin tətbiqi bu sahədə
investisiya riskini minimuma endirib. Proqnozlara əsasən, bu sahədə
mövcud mexanizmlərin tətbiqi nəticəsində yaxın 3 il ərzində bu
göstəricinin 50 milyon ABŞ dollarına çatması mümkündür”, – o
bildirib.
Nazir müavini qeyd edib ki, son üç ildə kinonun inkişafı ilə
bağlı bir sıra vacib addımlar atılıb: “Belə ki, 2023-2025-ci illər
ərzində dövlət dəstəyi ilə 71 film layihəsinin istehalına
başlanılıb, onlardan 56 film layihəsi, o cümlədən 9 tammetrajlı
bədii film istehsal olunaraq təqdim edilib. İstehsalı tamamlanmış
filmlərin xüsusi çəkisi 79% təşkil edir. Bu məqsədlən 34 istehsalçı
şirkətə 21 milyon manatdan artıq dövlət vəsaiti ayrılıb.
Son üç ildə imzalanmış müqavilələr çərçivəsində film istehsalına
9 milyon 538 min 652 manat məbləğində özəl investisiyaların cəlb
edilməsi nəzərdə tutulub”.

