
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də
ölkəmizdə səfərdə olan Kosta Rika Respublikasının Birinci
vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının
əhəmiyyəti vurğulanıb.
Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda
forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və
əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu
oynadığı bildirilib.
Görüşdə Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi,
investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf
perspektivləri müzakirə olunub.
BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka
Qrinspan görüşdə iştirak edib.

