
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan istiqamətində
Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarına qoyulan
məhdudiyyətlərin aradan qaldırılması qərarına görə Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkür edib.
Trend xəbər verir
ki, Paşinyan bunu Avropa parlamentində çıxışı zamanı bəyan
edib.
“2025-ci ilin noyabr ayında müstəqillik dövründən bəri ilk dəfə
olaraq Azərbaycan ərazisindən, eyni zamanda Gürcüstandan keçməklə
Ermənistan Respublikasına qatar çatıb Bundan əvvəl Azərbaycan
Prezidenti İlham Əliyevin 2025-ci ilin oktyabrında Ermənistan
istiqamətində Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarına
qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatı
verilmişdi və mən bu qərara görə Azərbaycan Prezidenti İlham
Əliyevə minnətdaram”, – deyə Ermənistanın Baş naziri bildirib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata
birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş
Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan
qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan
taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit
keçməklə 22 min tondan çox taxıl (320 vaqon), eləcə də 610 ton
gübrə (9 vaqon) göndərilib.

