Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları artıq 34 ildir ki,
xalqımıza və dövlətimizə sədaqətlə xidmət edir. Bu illər ərzində
şəxsi heyət üzərinə düşən vəzifələri məsuliyyət, intizam və
peşəkarlıqla yerinə yetirərək ictimai asayişin və sabitliyin
qorunmasına mühüm töhfələr verib.

Trend xəbər
verir ki, yarandığı gündən etibarən Daxili Qoşunlar ölkəmizin
sabitliyi və vətəndaşların rifahı naminə əzmkarlıq nümayiş etdirib.
Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf və
yüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli Lider
Heydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasir
maddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbi
quruma çevrilib.

Ulu Öndərin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart –
Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunların
şərəfli xidmət yoluna verilən yüksək qiymətin və Qoşunlara olan
etimadının ifadəsidir. Bu da təsadüfi deyildi. Məhz müstəqil
Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi
bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə
1992-ci ilin mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi
dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə
göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında
silinməz izlər buraxıb.

Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası
uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682
nəfər şəhid оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb.
Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq görülüb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə uzunmüddətli
atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və
təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların
zərərsizləşdirilməsinə, kütləvi tədbirlər zamanı asayişin
qorunmasına yönəlib. Qabaqcıl təcrübə öyrənilərək xarici ölkələrin
müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri genişləndirilib,
şəxsi heyətin peşə hazırlığının artırılması istiqamətində ardıcıl
tədbirlər həyata keçirilib, müasir dövrün çağırış və təhdidlərinə
uyğun islahatlar aparılıb. Daxili Qoşunların tərkibində Hərbi
İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin ali diqqət və qayğısı nəticəsində Daxili Qoşunların
fəaliyyəti daha da təkmilləşdirilib, döyüş qabiliyyəti
möhkəmləndirilib, infrastruktur yenilənib. Müasir silah və texnika
ilə təchizat gücləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti,
eləcə də sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Bu illər ərzində hərbi qulluqçuların təlim və məşğələlərdə yüksək
döyüş hazırlığına yiyələnməsi, qazanılan hərtərəfli təcrübə
torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın
yerinə yetirilməsində mühüm rol oynayıb.

44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi
qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq erməni
işğalçıları üzərində Böyük Qələbənin qazanılmasına layiqli töhfələr
veriblər. Düşmənə qarşı igidliklə vuruşaraq torpaqlarımızın azad
olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə
yetiriblər. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən
66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Xüsusi xidmətlərinə
və göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq
vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş
etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusuna
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.




2023-cü il sentyabrın 19–20-də Azərbaycan Respublikasının
Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdiyi
lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan
vəzifələr qısa müddətdə və dəqiqliklə icra olunub.

Daxili Qoşunların şəxsi heyəti tapşırıqları yüksək peşəkarlıq,
dəqiq koordinasiya və qətiyyətlə icra edərək üzərinə düşən
vəzifələri uğurla yerinə yetirib. Məhz illər boyu formalaşmış döyüş
hazırlığı, intizam və əməliyyat təcrübəsi bu tədbirlərin qısa
müddətdə və effektiv şəkildə başa çatdırılmasını təmin edib.
Nəticədə bölgədə separatizmə son qoyulub.

Antiterror tədbirləri zamanı igidlik və şücaət göstərən Daxili
Qoşunların 12 hərbi qulluqçusu şəhid olub, 24 nəfər isə yaralanaraq
müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu gün də hərbi qulluqçularımız Qarabağ və Şərqi Zəngəzurda
polis əməkdaşları ilə birgə xidməti tapşırıqların öhdəsindən
bacarıqla gəlir, Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmlə
çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə
yetirirlər.

34 il ərzində formalaşan zəngin xidmət təcrübəsi, möhkəm
nizam-intizam, yüksək döyüş hazırlığı və vətənə sarsılmaz bağlılıq
bu gün də Daxili Qoşunların fəaliyyətinin əsas dayağını təşkil
edir. Bu illər ərzində qazanılmış əməliyyat təcrübəsi və
institusional inkişaf şəxsi heyətin peşəkar potensialını
gücləndirib, qarşıya çıxan çağırışlara çevik və adekvat reaksiya
vermək imkanlarını artırıb.
Daim təkmilləşən hazırlıq sistemi, müasir yanaşmaların tətbiqi və
peşəkar kadr potensialı Daxili Qoşunların dayanıqlı inkişafını
təmin edən başlıca amillərdəndir. Çətin və məsuliyyətli şəraitdə
xidmət aparan hərbi qulluqçular dövlətə sədaqət, xalqa xidmət
prinsiplərinə sadiq qalaraq üzərlərinə düşən vəzifələri layiqincə
yerinə yetirirlər.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi
heyət həmişə xalqın əmin-amanlığının, daxili sabitliyin sadiq
keşikçisi olub və bundan sonra da dövlətə və xalqa sədaqət
prinsiplərinə sadiq qalaraq, üzərinə düşən vəzifələri eyni
məsuliyyət, peşəkarlıq və qətiyyətlə yerinə yetirəcək, ölkəmizin
sabitliyinə və ictimai asayişin qorunmasına etibarlı töhfə verməyə
davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir