
Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft
sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7%
artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti
məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına
bərabər olub.
Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin mart sayına dair
ilkin göstəricilərində qeyd edilib.
İcmala əsasən, cari ilin yanvar-fevral aylarında ixrac olunan
şəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6%, pambıq iplik
158,7%, bitki və heyvan mənşəli piylər və yağlar 110,8%, alüminium
və onlardan hazırlanan məmulatlar 37,4%, pambıq lifi 33,3%,
meyvə-tərəvəz 32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1%
artıb.
2026-cı ilin yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac
34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları
üzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dolları təşkil edib.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2%
artaraq 213,4 milyon ABŞ dollarına bərabər olub.

