
Bakı. Trend:
Müasir aqressiv dünyada ədalət prinsiplərinə riayət etməyə can
atmaq vacibdir.
Trend xəbər verir
ki, bunu bu gün Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberqa
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun
açılışında bildirib.
“Dünya təhlükəli, aqressiv, mahiyyət etibarilə pis və dəhşətli
ideyalarla doludur. Lakin eyni zamanda bizim can atmalı olduğumuz
dəyərlər də var. Tarix göstərir ki, həqiqi böyüklük mövcuddur.
Ədalətin, haqqın və qaydaların nə olduğu, onların barbarlığı
sivilizasiyadan necə fərqləndirə bildiyi barədə anlayış var”, –
deyə o qeyd edib.
Sabiq prezident vurğulayıb ki, parçalanmış və münaqişələrlə dolu
dünyada münaqişələr, fikir ayrılıqları və mövqe fərqləri hərbi
əməliyyatlara, ölüm və dağıntılara çevrilir, bu isə təkcə
insanların həyatına son qoymur, həm də sivilizasiyanın itirilməsi
ilə nəticələnir.
Vike-Freyberqa forum çərçivəsində aparılacaq müzakirələrin dünya
ictimaiyyətinin hazırda hansı mərhələdə olduğu, səhvlərin niyə baş
verdiyi və ayrı-ayrı şəxslərin və qrupların hansı addımlar ata
biləcəyi ilə bağlı qlobal diskussiyaya töhfə verəcəyinə ümid
etdiyini bildirib.

