
Bakı. Trend:
Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar
adətən transmilli xarakter daşıyır və bu xüsusat istintaq
hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsini daha da mürəkkəbləşdirir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bu
gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü
münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron
ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda
keçirilən forumda bildirib.
Onun sözlərinə görə, belə qrupların üzvləri arasında birbaşa
fiziki əlaqə əksər hallarda mövcud olmur və onlar bir-birini şəxsən
tanımırlar və əlaqələr əsasən sosial şəbəkələr, müxtəlif messencer
tətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindən
qurulur:
“Nəticə etibarı ilə bu hallar cinayətkarların müəyyən edilib
məsuliyyətə cəlb olunmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.
Bununla belə kiber-cinayətkarlıqla mübarizədə həyata keçirilən
əməliyyat-texniki tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmləri
müəyyən müsbət nəticələr verməkdədir. Transmilli xarakter daşıyan
bu cinayətlərin araşdırılması zamanı beynəlxalq hüquqi yardım
mexanizmlərindən geniş istifadə olunur. Lakin vurğulamaq istərdim
ki, kiber-cinayətkarlıqla mübarizə yalnız hüquq-mühafizə
orqanlarının fəaliyyəti ilə kifayət deyil. Bu sahədə effektiv
nəticənin əldə olunması üçün bütün maraqlı tərəflərin: dövlət
qurumları, banklar, maliyyə institutları, mobil rabitə operatorları
və internet provayderlərin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb
edir”.

