
Bakı. Trend:
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti
Antonio Koştanın Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər
ölkəmizin Avropa məkanı ilə əməkdaşlığının yeni mərhələyə daxil
olduğunu bir daha göstərir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
O qeyd edib ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında
münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda
iqtisadi, enerji və nəqliyyat sahələrində də genişlənərək strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlir:
“Dövlət başçısının vurğuladığı kimi, Avropa İttifaqı
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı
iqtisadi əlaqələrin genişlənməsi hər iki tərəf üçün yeni imkanlar
yaradır. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsinin Avropa bazarı
ilə bağlı olması Azərbaycan iqtisadiyyatının beynəlxalq
inteqrasiyasının göstəricisidir və gələcəkdə bu əməkdaşlığın daha
da dərinləşəcəyinə zəmin yaradır.
Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan–Avropa əlaqələrinin
əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynaması artıq beynəlxalq səviyyədə
qəbul olunan faktdır. Bu gün bir sıra Avropa ölkələrinin Azərbaycan
qazından istifadə etməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini
daha da möhkəmləndirir. Eyni zamanda, ölkəmizin yeni qaz
yataqlarının istismarı və ixrac imkanlarının artırılması
istiqamətində gördüyü işlər Avropa bazarı üçün də böyük əhəmiyyət
daşıyır.
Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji sahəsində həyata
keçirdiyi layihələr də xüsusi diqqətə layiqdir. Günəş, külək və su
enerjisinin inkişafına yönələn investisiyalar Azərbaycanın gələcək
enerji strategiyasının mühüm hissəsidir və bu sahədə Avropa ilə
əməkdaşlıq yeni texnologiyaların tətbiqinə və “yaşıl enerji”
ixracına geniş imkanlar açır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət
çəkən məqamlardan biri də regionda sülh və sabitlik məsələsinə
verdiyi önəm idi:
“Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə
olunan irəliləyişlər və sülh gündəliyinin irəli aparılması Cənubi
Qafqazda uzunmüddətli sabitliyin formalaşması baxımından mühüm
addımdır. Azərbaycan tərəfindən həyata keçirilən tranzit və
iqtisadi əməkdaşlıq təşəbbüsləri də sülhün praktik addımlarla
möhkəmləndirildiyini göstərir.
Hesab edirəm ki, Azərbaycanın balanslı və praqmatik xarici
siyasəti ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Avropa
İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat
layihələrinin inkişafı, eyni zamanda regionda sülhün
möhkəmləndirilməsi Azərbaycanın strateji maraqlarına xidmət edən
əsas istiqamətlərdəndir”.

